Bakı. Trend:
Qlobal gündəliklər və beynəlxalq öhdəliklər yalnız o zaman real məna qazanır ki, onlar milli prioritetlərə qanunvericilik, hesabatlılıq mexanizmləri və yerli icra səviyyəsində çevrilir. Məhz burada parlament üzvlərinin rolu son dərəcə vacibdir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ərəb dövlətləri üzrə regional ofisin direktoru Rania Hedeya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.
O bildirib ki, parlament üzvləri təkcə qanunverici deyil, həm də qlobal məqsədlərlə icmaların real ehtiyacları arasında körpü rolunu oynayan əsas əlaqələndiricilərdir:
“Siz torpaq siyasəti, infrastruktur, mənzil maliyyələşməsi, mülkiyyət təhlükəsizliyi, şəhər planlaşdırması, iqlim fəaliyyəti və ictimai investisiya sahələrində siyasətləri formalaşdırırsınız. Eyni zamanda, icranı izləyir və hökumətlərin təmsil etdiyiniz vətəndaşlar qarşısında hesabatlı olmasını təmin edirsiniz”.
O vurğulayıb ki, bu forum son aylarda aparılan geniş çoxtərəfli məsləhətləşmələr nəticəsində formalaşdırılıb:
“Bu həftə Bakı şəhərində keçirilən müxtəlif dialoqlar, sessiyalar və hökumət tədbirləri vasitəsilə 2500-dən çox maraqlı tərəf müzakirələrin formalaşmasına töhfə verib. Bu, mənzil böhranının təkbaşına həll edilə bilməyəcəyini göstərir. Bu problem bütün idarəetmə səviyyələri və cəmiyyətin bütün sektorları arasında əlaqələndirilmiş fəaliyyət tələb edir”.
O əlavə edib ki, bu gün aparılan müzakirələr həmçinin qlobal siyasət prosesləri ilə sıx bağlıdır:
“Bu dəyirmi masadan çıxacaq nəticələr parlamentlərin bu qlobal proseslərdə iştirakını daha da gücləndirəcək”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
