Bakı.Trend:
Təhlükəsiz və adekvat mənzil inklüziv və dayanıqlı şəhərlərin formalaşması üçün əsas şərtlərdən biridir.
Trend xəbər verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, bu gün şəhərlərin qarşısında duran ən ciddi problemlərdən biri mənzil məsələsidir.
“Hazırda dünyada 1,1 milyarddan çox insan qeyri-adekvat mənzil şəraitində yaşayır. Təxminən 3 milyard insan isə müxtəlif formalarda mənzil təhlükəsizliyi problemi ilə üzləşir”, – deyə o qeyd edib.
U.Daniels vurğulayıb ki, WUF13-ün “Dünyanın təhlükəsiz və dayanıqlı şəhər və icmaları üçün mənzil təminatı” mövzusu bu baxımdan olduqca aktualdır.
“Mənzil sadəcə sığınacaq deyil. O, inklüzivliyin, dayanıqlılığın və ləyaqətli həyatın təməlidir”, – deyə o bildirib.
Baş direktorun müavini qeyd edib ki, təhlükəsiz və adekvat mənzil olmadan insanların xidmətlərə çıxışı, məşğulluq imkanları və sosial həyatda iştirakı ciddi şəkildə məhdudlaşır.
“Şəhərlər hazırda məcburi köçkünlük, iqlim dəyişiklikləri və sürətli urbanizasiya kimi müxtəlif çağırışları idarə etməyə çalışır. Bu isə böhranlara həssas urban idarəçilik yanaşmasını tələb edir”, – deyə o vurğulayıb.
U.Daniels əlavə edib ki, yerli hökumətlər bu prosesdə əsas rol oynayır və güclü çoxtərəfli tərəfdaşlıqlara malik şəhərlər miqrasiyanı daha effektiv və humanist şəkildə idarə edə bilir.
“Yeni Şəhər Gündəliyi və Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Pakt bu istiqamətdə əsas beynəlxalq çərçivələrdir. İnklüziv şəhər planlaşdırılması, adekvat mənzil və xidmətlərə bərabər çıxış seçim deyil, zərurətdir”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
