Miqrasiya siyasəti ilə şəhərsalma siyasəti bir-birini tamamlamalıdır - DMX rəisi

Cəmiyyət Materials 20 May 2026 17:05 (UTC +04:00)
Miqrasiya siyasəti ilə şəhərsalma siyasəti bir-birini tamamlamalıdır - DMX rəisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ölkəmiz son iki il ərzində növbəti dəfə qlobal səviyyəli tədbirə ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumu Bakı şəhərində keçirilir və bu, ölkəmizin artan beynəlxalq nüfuzunun, diplomatik uğurunun, qlobal müzakirələrə verdiyi aktiv töhfənin, eyni zamanda dayanıqlı inkişaf gündəliyinə verdiyi dəstəyin göstəricisidir.

Trend xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun gündəliyi olduqca genişdir və burada müxtəlif mövzular müzakirə edilir.

“Bu məsələlərdən biri də miqrasiya və şəhərlər mövzusudur. Bu gün həmin mövzuda yüksək səviyyəli tədbir keçirildi. Əslində bu tədbir iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı Baş katibliyində keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunda başlanan müzakirələrin davamıdır.
İki həftə əvvəl açıqlanan son Dünya Miqrasiya Hesabatına əsasən, beynəlxalq miqrantların sayı artıq 304 milyona çatıb. Bu rəqəm yalnız sərhədlərarası miqrasiyanı əhatə edir. Daxili miqrasiya göstəricilərini də əlavə etsək, bu rəqəmlər bir neçə dəfə artır”, – deyə o bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin yarıdan çoxunun şəhərlərdə yaşaması və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı proqnozu şəhərsalma ilə miqrasiya arasındakı əlaqəni daha da aktuallaşdırır.

“Təbii ki, insanların yeni şəhərlərə yerləşməsi, urbanizasiya prosesində dövlət və sosial xidmətlərə çıxışı, inteqrasiya və bərabər imkanların təmin olunması mühüm müzakirə mövzularıdır.

Panel müzakirələrində şəhərsalma siyasəti ilə miqrasiya siyasətinin bir-birini tamamlamasının vacibliyi xüsusi vurğulanıb.
Məqsəd dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması, eyni zamanda miqrasiya siyasətinin bu prosesə verə biləcəyi töhfələrin müəyyən edilməsidir”, – deyə o əlavə edib.

O qeyd edib ki, miqrasiya prosesləri ən çox şəhərlərdə özünü göstərir və onun müsbət təsirləri yalnız düzgün şəhər idarəçiliyi vasitəsilə əldə oluna bilər.

V.Hüseynov həmçinin vurğulayıb ki, tədbir çərçivəsində Azərbaycanın Böyük Qayıdış proqramı və işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri də diqqət mərkəzində olub.

“Azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma yanaşmaları da müzakirələr zamanı xüsusi qeyd edildi”, – deyə o bildirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi əlavə edib ki, bu tədbirin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

“Biz beynəlxalq şəhərsalma platformalarında miqrasiya məsələlərinin daim diqqətdə saxlanılmasına çalışacağıq”, – deyə V.Hüseynov qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti