Miqrasiya və urbanizasiya artıq ayrı-ayrılıqda idarə oluna bilməz - Uqoçi Daniels

Siyasət Materials 20 May 2026 16:05 (UTC +04:00)
Miqrasiya və urbanizasiya artıq ayrı-ayrılıqda idarə oluna bilməz - Uqoçi Daniels
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Miqrasiya və urbanizasiya artıq ayrı-ayrılıqda idarə oluna bilməz və bu proseslər bir-biri ilə sıx bağlıdır.

Trend xəbər verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, bugünkü müzakirələr iki həftə əvvəl Nyu-Yorkda keçirilən Beynəlxalq Miqrasiya İcmal Forumunda aparılan qlobal dialoqun davamıdır.

“Bu gün miqrasiya getdikcə daha çox urban xarakter alır. Bu proses iqlim dəyişiklikləri, münaqişələr, demoqrafik dəyişikliklər və davam edən bərabərsizliklər fonunda formalaşır”, – deyə o qeyd edib.

U.Daniels bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatının 2026-cı il üzrə Dünya Miqrasiya Hesabatına əsasən, hazırda dünyada 304 milyon beynəlxalq miqrant yaşayır.

“Bu, dünya əhalisinin təxminən 3,7 faizini təşkil edir. Onların iqtisadi və sosial töhfəsi isə saylarından daha böyükdür”, – deyə o vurğulayıb.

O qeyd edib ki, hazırda dünya əhalisinin 55 faizindən çoxu şəhərlərdə yaşayır və bu göstəricinin gələcəkdə 68 faizə çatacağı gözlənilir.

“Məhz buna görə Beynəlxalq Miqrasiya Təşkilatı olaraq Azərbaycanda Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Şəhərlər miqrasiya idarəçiliyinin ön xəttinə çevrilir”, – deyə Baş direktorun müavini əlavə edib.

U.Daniels bildirib ki, miqrantlar əsasən iş yerlərinin, xidmətlərin və imkanların cəmləşdiyi şəhərlərdə məskunlaşırlar.

“Lakin eyni zamanda şəhərlərdə mənzil, infrastruktur, ictimai xidmətlər və sosial həmrəylik üzərində təzyiqlər də artır”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti