Biz həm maliyyəni, həm də həll yollarını eyni anda tapmalıyıq - Markos Ros Sempere

Siyasət Materials 20 May 2026 16:12 (UTC +04:00)
Biz həm maliyyəni, həm də həll yollarını eyni anda tapmalıyıq - Markos Ros Sempere
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil böhranının həlli istiqamətində biz ortaq siyasət çərçivəsinin orta müddətli icmalını qəbul etdik və bununla da əvvəllər mümkün olmayan bir qərarla Avropa Regional İnkişaf Fondu (ERDF) vasitəsilə ictimai mənzillərə investisiya imkanını yaratdıq.

Trend xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Markos Ros Sempere Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.

“Avropa Parlamentində biz həmçinin əlçatan, dayanıqlı və icma əsaslı mənzil modellərinə, eləcə də müxtəlif mənzil həllərinə dəstəyi gücləndirmək üzərində işləyirik. Sentyabr ayında ilk dəfə olaraq “əlçatan mənzil” anlayışını ayrıca bir konsepsiya kimi qəbul etdik və bu, artıq yalnız sosial mənzil deyil, ERDF tərəfindən maliyyələşdirilə bilən bir istiqamət kimi tanındı. Hazırda biz daha geniş bir yanaşmanı müdafiə edirik. 2028–2034-cü illər üçün yeni büdcə çərçivəsi üzrə danışıqlarda biz bildiririk ki, mənzil siyasəti ərazi planlaşdırmasından, mobillikdən, ictimai xidmətlərdən, enerji səmərəliliyindən və iqlim dayanıqlığından ayrı düşünülə bilməz”, - deyə o bildirib.

Parlament üzvü vurğulayıb ki, bu gün əsas problemlərdən biri məhz siyasət və büdcələrin parçalanmış şəkildə idarə olunmasıdır.

“Çox vaxt mənzil siyasəti torpaq istifadəsi planlamasından, nəqliyyat sistemlərindən ayrılır və eyni zamanda bir çox yerli hakimiyyətlər maliyyə çatışmazlığı ilə üz-üzə qalır. Biz həm maliyyəni, həm də həll yollarını eyni anda tapmalıyıq. Məhz buna görə biz Avropa Parlamentində daha güclü çoxsəviyyəli idarəetməni və növbəti çoxillik maliyyə çərçivəsində (MFF) daha güclü maliyyələşdirməni müdafiə edirik. Bu bizim qarşıdakı iki-üç il ərzində əsas iş istiqamətimiz olacaq — növbəti MFF üzrə danışıqlar zamanı bu məsələləri irəli aparmağa davam edəcəyik”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti