Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək əsas milli prioritetlərindən biridir - Fuad Hüseynov

Siyasət Materials 20 May 2026 16:35 (UTC +04:00)
Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək əsas milli prioritetlərindən biridir - Fuad Hüseynov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Qayıdış proqramı Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə beş əsas milli prioritetindən biri elan olunub.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, son 30 ildə dünyanın ən böyük məcburi köçkünlük hallarından biri Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi nəticəsində baş verib.

“10 milyon əhalisi olan ölkədə yüz minlərlə insan məcburi köçkünə çevrilmişdi. Münaqişə nəticəsində insanlar doğma torpaqlarından didərgin düşmüşdü. Azərbaycan dövləti ötən illər ərzində məcburi köçkünlər üçün 20-dən çox yeni və müasir yaşayış məntəqəsi salıb, 320 min nəfər yaxşılaşdırılmış mənzil şəraiti ilə təmin olunub. Lakin məcburi köçkünlük probleminin yeganə dayanıqlı həlli münaqişənin siyasi həlli və işğal altındakı ərazilərin azad olunması idi”, – deyə o vurğulayıb.

Komitə sədrinin müavini qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib və məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli qayıdışı üçün şərait yaradıb.

“Azərbaycan postmünaqişə inkişafının yeni mərhələsinə qədəm qoyub. Hökumət ilk dəfə olaraq azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə dövlət proqramını qəbul edib. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir və təxminən 700 min keçmiş məcburi köçkünün mərhələli şəkildə doğma torpaqlarına qayıdışı nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti