Bakı. Trend:
Gənclər şəhərlərin gələcəyində təmiz hava və dayanıqlı inkişaf üçün əsas rol oynayır.
Trend xəbər verir ki, bunu Cenevrə Universitetinin dosenti Aleksandr Hedjazi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda çıxışında deyib.
O bildirib ki, şəhərləri miras alan gənc nəsil həm itirəcək ən çox şeyə, həm də düzgün addımlar atıldığı təqdirdə ən çox qazanacaq potensiala malikdir. Onun sözlərinə görə, fəaliyyətsizlik mümkün deyil və gənclər bu sahədə həllərin formalaşmasında əsas rol oynayırlar.
"Gənclərin şəhərlərdəki həyatı yalnız kənar məsələ deyil, şəhər
planlaşdırmasının əsas struktur elementlərindən biridir. Gənclər
həm də təmiz hava və dayanıqlı şəhərlər istiqamətində dəyişimin
aparıcı qüvvəsidir.
Bu gün qarşıda duran əsas məsuliyyət ondan ibarətdir ki, hər kəs öz
hökumətlərini daha nəfəs ala bilən şəhərlər üçün çağırış etməyə və
gələcək Ümumdünya Şəhərsalma Forumlarında təmiz havanın daimi
gündəm mövzusu olmasına dəstək verməyə çağırmalıdır”, – deyə o
bildirib.
Dosent qeyd edib ki, hazırkı mərhələ ideyaların konkret fəaliyyətə çevrilməsini tələb edir və bu prosesdə hava keyfiyyəti şəhər siyasətinin mərkəzinə gətirilməlidir.
O əlavə edib ki, mütəxəssislər hava çirklənməsi, şəhər dayanıqlılığı, ekoloji sistemlər və sağlamlıq bərabərliyi üzrə elmi əsaslı yanaşmalar təqdim edirlər.
Aleksandr Hedjazi diqqətə çatdırıb ki, Bakı “küləklər şəhəri” kimi tanınsa da, iqlim dəyişiklikləri nəticəsində külək istiqamətləri və hava axınlarında dəyişikliklər müşahidə olunur ki, bu da şəhər planlaşdırması üçün əlavə çağırışlar yaradır.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
