Bakı.Trend:
Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur geniş şəkildə minalarla çirkləndirilib və bu ərazilər hazırda dünyanın ən təhlükəli mina zonalarından biri hesab olunur.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərindəki yaşayış məntəqələrini tamamilə dağıdıb.
“Bu gün həmin ərazilər beynəlxalq ekspertlər tərəfindən dünyanın ən çox mina ilə çirkləndirilmiş bölgələrindən biri hesab olunur. Ermənistan dəqiq mina xəritələrini tam şəkildə təqdim etməkdən imtina edir və bu, mülki əhaliyə qarşı mina terrorunun davam etməsinə səbəb olur. 2020-ci ildən indiyədək mina partlayışları nəticəsində 420-dən çox insan ya həlak olub, ya da ağır yaralanıb”, – deyə o bildirib.
Komitə sədrinin müavini qeyd edib ki, buna baxmayaraq Azərbaycan azad edilmiş ərazilərdə sürətli yenidənqurma işlərini davam etdirir.
“Bu gün Qarabağ və Şərqi Zəngəzurda smart kənd, smart şəhər, yaşıl enerji və müasir urbanizasiya konsepsiyaları əsasında yaşayış məntəqələri qurulur. Qısa müddət ərzində 12 rayonda 91 yaşayış məntəqəsinin, o cümlədən 11 şəhərin baş planı təsdiqlənib. Bu, Yaxın Şərq regionunda memarlıq və urbanizasiya təcrübəsində nadir və unikal hallardan biridir”, – deyə o vurğulayıb.
O əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 43 yaşayış məntəqəsinə, o cümlədən 9 şəhər, 3 qəsəbə və 31 kəndə 85 mindən çox insan qayıdıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
