Bakı.Trend:
Azərbaycanda təkrar emal olunan tullantılar hər il gücü 100 min ton olan müəssisədə çeşidlənir.
Trend xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin idarə heyəti sədrinin müavini Sabit Zeyniyev Bakıda WUF13 çərçivəsində keçirilən “Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı panel sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Balaxanıda illik gücü 100 min ton olan materialların bərpası üzrə zavod tikilib. Burada təkrar emala yararlı tullantılar çeşidlənir və daha sonra emal sahəsində fəaliyyət göstərən şirkətlərə ötürülür.
O qeyd edib ki, müəssisə tam gücü ilə fəaliyyət göstərir, lakin onun səmərəliliyinin artırılması və illik tullantı qəbul həcminin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Sabit Zeyniyev əlavə edib ki, Balaxanı sənaye parkının rezidentləri tullantıların emalının inkişafını stimullaşdırmaq məqsədilə 10 il müddətinə bir sıra vergilərdən azad olunublar.
Sabit Zeyniyev vurğulayıb ki, tullantıların idarə olunması zəncirinin bütün mərhələlərini əhatə etmək üçün dövlət güzəştlərinin nəzərdə tutulduğu sənaye parkı da yaradılıb.
“Onlar əmlak vergisindən, torpaq vergisindən, gömrük rəsmiləşdirilməsi xərclərindən, həmçinin 10 il müddətinə mənfəət vergisindən azad ediliblər”, – deyə o bildirib.
Onun sözlərinə görə, məişət təsərrüfatlarında yaranan tullantılar park iştirakçıları tərəfindən toplanaraq emal müəssisələrinə çatdırılır. Tullantıların bir hissəsi elektrik enerjisi istehsalı üçün tullantıların yandırılması zavoduna yönləndirilir, digər hissəsi isə materialların bərpası müəssisəsinə daxil olur. Burada çeşidləndikdən sonra təkrar emala yararlı materiallar Balaxanı sənaye parkının rezidentlərinə ötürülür.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü keçirilir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar keçiriləcək.
Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək. Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi qiymətləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
