Hava çirkliliyi ilə mübarizə sağlamlıq, iqtisadiyyat və iqlim üçün investisiyadır - ÜST rəsmisi

Siyasət Materials 20 May 2026 16:22 (UTC +04:00)
Hava çirkliliyi ilə mübarizə sağlamlıq, iqtisadiyyat və iqlim üçün investisiyadır - ÜST rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hava çirkliliyi ilə mübarizə yalnız xərclər deyil, əksinə sağlamlıq, ətraf mühit və iqtisadiyyat üçün mühüm investisiyadır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisində “Yaşayış mühitləri və iqlimin yumşaldılması” üzrə proqram meneceri Dorota Jarosinska Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda çıxışında deyib.

O bildirib ki, Avropa regionunda 53 ölkədə hər il təxminən 700 min insanın vaxtından əvvəl ölümünə hava çirkliliyi səbəb olur və bu ölümlərin əksəriyyəti qeyri-infeksion xəstəliklərlə bağlıdır.

“Biz ürək-damar xəstəlikləri, insult, tənəffüs problemləri kimi təsirləri ölçə bilirik, lakin siyahı daha genişdir. Neyrodegenerativ xəstəliklər, demensiya və metabolik pozuntular kimi təsirlər haqqında da getdikcə daha çox öyrənirik”, – deyə o vurğulayıb.

Dorota Jarosinska qeyd edib ki, rəqəmlər çox böyük olduğu üçün bəzən insanlar real təsirləri anlamaqda çətinlik çəkirlər: “Bəzən bu rəqəmlər bizi iflic edir, amma biz unutmamalıyıq ki, hava çirkliliyinə qarşı fəaliyyətsizlik həyat və ölüm məsələsidir.

O əlavə edib ki, hava çirkliliyinin azaldılması yalnız ekoloji deyil, həm də sosial və iqtisadi faydalar gətirir: “Bu, yalnız xərclər deyil, investisiyadır. Hava keyfiyyətinin yaxşılaşdırılması səhiyyə xərclərini azaldır, iş məhsuldarlığını artırır və cəmiyyətə çoxsaylı faydalar verir".

ÜST rəsmisi bildirib ki, hava çirkliliyi iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi ilə birlikdə qlobal üçlü böhranın tərkib hissəsidir.

“Eyni mənbələr həm də iqlim dəyişikliyini yaradır. Buna görə də hava çirkliliyinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizə birgə aparılmalıdır”, – deyə o vurğulayıb.

Dorota Jarosinska qeyd edib ki, şəhərlər bu prosesdə əsas rol oynayır: “Şəhərlər elə yerlərdir ki, dəyişikliklər orada birbaşa görünür və hiss olunur. Buna görə də icmaların prosesə cəlb edilməsi vacibdir".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti