Bakı. Trend:
Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox bina inşa edilib.
Trend xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı konfransda bildirib.
Onun sözlərinə görə, bu prosesdə yalnız yaşayış evləri tikilmir; infrastrukturu, sosial obyektləri, yaşıl sahələri, enerji səmərəliliyi yanaşması və ekoloji davamlılığı ilə birlikdə kompleks yaşayış məkanları qurulur:
"Şəhər dayanıqlılığının gücləndirilməsində maliyyə alətləri də kritik əhəmiyyət daşıyır. Bu çərçivədə 81 vilayətdə 500 min sosial mənzil və İstanbulda 100 min mənzil hədəfi ilə həyata keçirilən sosial mənzil təşəbbüsü təhlükəsiz və əlçatan mənzilə çıxışı dəstəkləyir", o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
