"Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi, Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" mövzusunda konfrans keçirilib

Siyasət Materials 20 May 2026 17:42 (UTC +04:00)
"Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi, Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" mövzusunda konfrans keçirilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi, Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı konfrans keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) İcra katibinin müavini Dmitri Mariyasin zəlzələlərin şəhər üçün yaratdığı potensial risklərdən danışıb.
Onun sözlərinə görə, zəlzələlər şəhərlərin struktur zəifliklərini üzə çıxarır: "Dayanıqlılığa böhran başlamazdan əvvəl investisiya qoyulmalıdır. Böhran baş verdikdə isə artıq çox gec olur. Bir neçə il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bizə çox vacib və aktual dərslər verdi".

BMT-nin Türkiyə üzrə rezident əlaqələndiricisi Batatunde Ahonsi isə bildirib ki, şəhər dayanıqlılığı xərc deyil. Onun sözlərinə görə, bu, davamlı inkişaf üçün edilə biləcək ən strateji və ən səmərəli investisiyalardan biridir. Vətəndaş cəmiyyəti, akademik dairələr, özəl sektor və xüsusilə zərər çəkmiş icmaların özləri bərpa prosesinin fəal həmtəsisçiləri kimi bu işə cəlb olunmalıdır.

Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver isə çıxışında zəlzələdən sonra Türkiyədə görülən işlərdən danışıb. O bildirib ki, bu çərçivədə 81 vilayətdə 500 min sosial mənzil və İstanbulda 100 min mənzil hədəfi ilə həyata keçirilən sosial mənzil təşəbbüsü təhlükəsiz, əlçatan mənzilə çıxışı dəstəkləyir.

Qırğızıstan Respublikasının Tikinti, Memarlıq və Mənzil-Kommunal Xidmətləri Nazirinin müavini Talantbek Imanakun Uulu bildirib ki, tikinti normaları sistemi ölkə ərazisində vahid layihələndirmə yanaşmasını təmin edən tikinti norma və qaydalarını, eləcə də müvafiq standartları özündə birləşdirir. Onun sözlərinə görə, normativ bazanın modernləşdirilməsinin əsas nəticələrindən biri torpağın pik sürətlənmə xəritələrinin tətbiqi olunmasıdır.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti