Bakı. Trend:
Bolqarıstan Prezidenti İliyana Yotova Sumqayıt Sənaye Parkının
fəaliyyəti ilə tanış olub.
Trend xəbər verir
ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13)
iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bolqarıstan
Prezidenti İliyana Yotova İqtisadiyyat Nazirliyinin tabeliyində
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan
Sumqayıt Sənaye Parkını ziyarət edib.
İqtisadiyyat nazirinin müavini Azər Bayramov və İZİA-nın İdarə
Heyətinin sədri Seymur Adıgözəlov qonaqlara Agentliyin
idarəçiliyində olan sənaye zonalarında rezidentlər üçün yaradılmış
müasir infrastruktur, həyata keçirilən layihələr və istehsal olunan
məhsullar barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, sənaye parklarında sahibkarlar üçün əlverişli
biznes və investisiya mühiti formalaşdırılıb, rezidentlər dövlət
hesabına hazır infrastrukturla təmin olunur, həmçinin onlar vergi,
gömrük və digər güzəştlərdən yararlanırlar. Bununla yanaşı, sənaye
zonalarında istehsal olunan məhsulların daxili bazarla yanaşı,
xarici ölkələrə ixracı üçün geniş imkanların yaradıldığı,
məhsulların müxtəlif beynəlxalq bazarlara çıxarıldığı diqqətə
çatdırılıb.
Nümayəndə heyəti, həmçinin sənaye parkının rezidenti olan “Caspian
Lubricants” MMC-ni ziyarət edib. Qeyd edək ki, müəssisənin
təsisçiləri sırasında Bolqarıstan investorları da yer alır.
Qonaqlara müəssisədə istehsal prosesi, tətbiq olunan
texnologiyalar, istehsal gücü və məhsul çeşidləri barədə məlumat
verilib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
