BAMF WUF13-də “Sirkulyar və yaşıl iqtisadiyyata keçid” adlı tədbir keçirdi (FOTOLAR)

Siyasət Materials 20 May 2026 18:24 (UTC +04:00)
BAMF WUF13-də “Sirkulyar və yaşıl iqtisadiyyata keçid” adlı tədbir keçirdi (FOTOLAR)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 20-də WUF13 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Sirkulyar və yaşıl iqtisadiyyata keçid: dayanıqlı şəhərsalma çağırışları və imkanları” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, “WUF13 Urban Expo”da yerləşən QHT Agentliyinin pavilyonunda keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev əvvəlcə QHT Agentliyinə təşəkkür edib.

“İlk növbədə, WUF13 çərçivəsində tədbirin təşkilində göstərilən dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm. Bu gün burada müzakirə etdiyimiz mövzu - yaşıl və sirkulyar iqtisadiyyata keçid olduqca aktual və strateji əhəmiyyət daşıyır. Əslində, bu iki istiqamət gələcəyin şəhərlərinin yeni fəlsəfəsidir. Azərbaycan da bu sahədə mühüm addımlar atır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji zonalarının yaradılması dayanıqlı inkişaf modelinin real nümunəsidir”, – deyə Umud Mirzəyev bildirib.

Ardınca Böyük Metropolislərin Dünya Assosiasiyasının Baş katibliyinin siyasət üzrə məsul əməkdaşı Oskar Nunyez “Günəş enerjisi və yaşıl enerji həllərinin şəhər inkişafına töhfəsi”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Zahid Fərrux Məmmədov “Beton iqtisadiyyatı”ndan yaşıl urbanizasiya modelinə”, Xəzər Universitetinin Dünya iqtisadiyyatı üzrə doktorantı, araşdırmaçı-yazıçı Nik Nvolisa “Neftdən asılılıqdan sirkulyar dayanıqlılığa: Azərbaycanın dayanıqlı şəhər inkişafı üçün yaşıl iqtisadiyyat yolu”, Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli isə “Şəhərsalma və insan sağlamlığı” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda spikerlər və iştirakçılar arasında interaktiv sual-cavab sessiyası keçirilib.

Sessiya zamanı yaşıl və sirkulyar iqtisadiyyata keçidin şəhərsalma siyasətinə təsiri, bərpa olunan enerji mənbələrinin urbanizasiya prosesində rolu, həmçinin dayanıqlı şəhər inkişafı üçün yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti