Azərbaycan–Özbəkistan Xəzər regionunda hava çirkliliyinin monitorinqini aparır - "IDEA Campaign" eksperti

Cəmiyyət Materials 20 May 2026 15:55 (UTC +04:00)
Azərbaycan–Özbəkistan Xəzər regionunda hava çirkliliyinin monitorinqini aparır - "IDEA Campaign" eksperti
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan–Özbəkistan birgə pilot layihəsi çərçivəsində Xəzər regionunda hava çirkliliyinin monitorinqi aparılır.

Trend xəbər verir ki, bunu "IDEA Campaign" eksperti Elnur Səfərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda çıxışında deyib.

O bildirib ki, Xəzər dənizi regionunda külək axınlarının istiqaməti və regional atmosfer sirkulyasiyası hava çirkliliyinin yayılmasına ciddi təsir göstərir.

“Biz iki il əvvəl apardığımız tədqiqatda yalnız çirklənməni deyil, Xəzər dənizində baş verən prosesləri və külək axınlarının buxarlanma və dəniz səviyyəsinə təsirini araşdırdıq. Araşdırmalar göstərdi ki, şərqə doğru külək axınları artaraq şimal istiqamətli axınları əvəz edir. Sadə dildə desək, Mərkəzi Asiyadan gələn küləklər Xəzər səthində dominantlıq etməyə başlayır”, – deyə o bildirib.

Elnur Səfərov qeyd edib ki, Mərkəzi Asiyadan gələn isti və quru hava axınları Xəzər dənizi səthində buxarlanmanı artırır və eyni zamanda bölgəyə çirkləndirici maddələrin daşınmasına səbəb olur.

“Bu hava axınları Tashkent, Qazaxıstan və Türkmənistan kimi ərazilərdən çirkləndirici maddələri Azərbaycana, o cümlədən Abşeron yarımadasına, Bakı və Sumqayıta daşıyır”, – deyə o vurğulayıb.

Ekspert bildirib ki, Şimal Xəzər hövzəsində dəniz səviyyəsinin azalması və quruyan ərazilərin duzlu toz mənbəyinə çevrilməsi gələcəkdə ciddi ekoloji risklər yaradacaq.

“Şimal Xəzər bölgəsində suyun azalması nəticəsində duzlu tozlu sahələr formalaşa bilər və külək bu hissəcikləri yenidən regiona daşıyacaq. Bu artıq müşahidə olunmağa başlayıb və allergik, astmatik xəstəliklər daxil olmaqla sağlamlıq problemlərini artırır”, – deyə o əlavə edib.

Elnur Səfərovun sözlərinə görə, hava çirkliliyinin yayılmasının daha dəqiq qiymətləndirilməsi üçün müasir texnologiyaların istifadəsi vacibdir.

“Biz artıq yalnız yerində ölçmələrlə kifayətlənə bilmərik. Peyk müşahidələri, süni intellekt, maşın öyrənməsi və coğrafi informasiya sistemləri ilə atmosfer proseslərini daha dəqiq modelləşdirməliyik”, – deyə o bildirib.
O qeyd edib ki, Azərbaycan və Özbəkistan mütəxəssisləri birgə layihə üzərində işləyir.

“Bizim pilot layihəmizdə Bakı, Abşeron və Sumqayıt ərazilərində ölçmə məntəqələri qurulacaq. Özbəkistan tərəfi isə 72 saatlıq regional hava proqnozlaşdırma modelləri hazırlayacaq. Məqsəd Mərkəzi Asiyadan gələn çirkləndiricilərin region üzrə hərəkətini daha dəqiq izləməkdir”, – deyə o vurğulayıb.
Sonda Elnur Səfərov qeyd edib ki, regional əməkdaşlıq və elmi əsaslı monitorinq olmadan hava çirkliliyi ilə effektiv mübarizə mümkün deyil.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti