Bakı.Trend:
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan ağıllı və dayanıqlı şəhərlər inşa edir.
Trend xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, Azərbaycan hazırda Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı yeni reallıqlar yaşayır.
“Ərazilərimizin azad edilməsindən sonra Azərbaycan regionun ən böyük yenidənqurma və inkişaf layihələrindən birinə başlayıb. Tamamilə yeni şəhərlər və yaşayış məntəqələri qurulur”, – deyə o bildirib.
V.Hüseynov vurğulayıb ki, bu şəhərlər ağıllı, dayanıqlı, davamlı və inklüziv urban məkanlar kimi layihələndirilir.
“Biz əminik ki, həmin şəhərlər güclü insan kapitalının formalaşdığı məkanlara çevriləcək və miqrasiyanın inkişaf potensialını maksimum dərəcədə artıracaq”, – deyə Dövlət Miqrasiya Xidmətinin rəisi əlavə edib.
O həmçinin bildirib ki, Azərbaycan miqrasiya və urban inkişaf gündəlikləri arasında sinerjinin gücləndirilməsinə xüsusi önəm verir.
“Azərbaycan əməkdaşlığın inkişaf etdirilməsi və inklüziv idarəetmə çərçivələrinin dəstəklənməsi istiqamətində səylərini davam etdirəcək”, – deyə V.Hüseynov qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
