Xəzər regionunda sahilyanı şəhərlərin dayanıqlı inkişafı üçün “yaşıl-göy” inteqrasiya və beynəlxalq əməkdaşlıq vacibdir - UNEP rəsmisi

Siyasət Materials 20 May 2026 16:20 (UTC +04:00)
Xəzər regionunda sahilyanı şəhərlərin dayanıqlı inkişafı üçün “yaşıl-göy” inteqrasiya və beynəlxalq əməkdaşlıq vacibdir - UNEP rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər regionunda sahilyanı şəhərlərin dayanıqlı inkişafı üçün “yaşıl və göy” (green/blue) infrastrukturların inteqrasiyası və ölkələrarası əməkdaşlığın gücləndirilməsi vacib hesab olunur.

Trend xəbər verir ki, bunu UNEP-in Avropa üzrə Regional koordinatoru Mahir Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda çıxışında deyib.

O bildirib ki, insan məskənlərinin su hövzələri — çaylar, göllər və dənizlər ətrafında formalaşması təsadüfi deyil və bu, “yaşıl-göy bağlantı” anlayışının tarixi əsasını təşkil edir.

Onun sözlərinə görə, Xəzər dənizi sahilində yerləşən şəhərlər arasında təbii qarşılıqlı təsir mövcuddur və bu, həm ekoloji, həm də şəhərsalma baxımından mühüm rol oynayır.

Mahir Əliyev qeyd edib ki, şəhərlərin inkişafı Xəzər dənizinə, eyni zamanda dənizin özü də şəhərlərə birbaşa təsir göstərir: “Şəhərlərin böyüməsi, infrastrukturun genişlənməsi, sənaye və yaşayış sahələrinin artması Xəzər dənizinə təsir edir. Eyni zamanda dəniz iqlimi tənzimləyir, soyutma funksiyası yerinə yetirir və təbii ekosistem xidmətləri göstərir.”

O vurğulayıb ki, Xəzər regionunda ekoloji problemlər yalnız lokal xarakter daşımır və digər bölgələrdən gələn təsirlər də vəziyyəti mürəkkəbləşdirir. Bu səbəbdən məsələnin həlli siyasi iradə, hüquqi çərçivə və beynəlxalq əməkdaşlıq tələb edir.

“Tehran Konvensiyası Xəzər dənizinin ətraf mühitinin qorunması üçün beş sahilyanı dövlətin siyasi öhdəliklərini birləşdirən mühüm hüquqi mexanizmdir. Bu çərçivə elmi əsaslı yanaşmaların siyasətə, siyasətin isə konkret fəaliyyət planlarına çevrilməsinə imkan yaradır”, – deyə o bildirib.

UNEP rəsmisi əlavə edib ki, inteqrasiya olunmuş sahilyanı zonaların idarə olunması Xəzər regionunda dayanıqlı inkişafın əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu yanaşma şəhərlərin həm ekoloji, həm də sosial-iqtisadi dayanıqlılığını gücləndirir.

O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində Xəzər regionunda dəniz səviyyəsinin dəyişməsi, toz fırtınaları, səhralaşma və biomüxtəlifliyə təsirlər kimi ciddi problemlər yaranır və bu risklərə qarşı adaptasiya tədbirləri görülməlidir.

“Biz elmi biliklərə əsaslanaraq həm təbii, həm də şəhər infrastrukturlarının dayanıqlılığını gücləndirməliyik. Məqsəd insan sağlamlığını, rifahını və gələcək nəsillərin davamlı həyatını təmin etməkdir”, – deyə Mahir Əliyev çıxışında vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti