Bakı. Trend:
Dünyanın əksər şəhərləri qarşılıqlı əlaqəli risklərlə, çoxsaylı təhlükələrə hazır deyil.
Trend xəbər
verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi
Komissiyası (UNECE) İcra katibinin müavini Dmitri Mariyasin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində
keçirilən "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha
Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı
konfransda bildirib.
Onun sözlərinə görə, risk heç vaxt tək gəlmir.
"Risklər çoxşaxəli və bir-biri ilə əlaqəlidir. Bunlara insan mənşəli fəlakətlər, təbii fəlakətlər, münaqişələrin nəticələri və əlbəttə ki, iqlim dəyişikliyi ilə bağlı qəfil baş verən hadisələr daxildir. Bu hadisələri bəzən düzgün təsnif etmək belə çətindir. Dünyadakı şəhər əraziləri üçün zəlzələlərdən daha dağıdıcı risk yoxdur. Zəlzələlər şəhərlərin struktur zəifliklərini üzə çıxarır. Onlar mənzil, infrastruktur və torpaq idarəetmə sistemlərinin harada çökdüyünü göstərir. İdarəetmə mexanizmlərini sınağa çəkir. Və əlbəttə ki, böyük insan itkilərinə, sosial və iqtisadi itkilərə səbəb olur. Bu itkiləri bərpa etmək çox çətindir. UNEC regionunda və digər bölgələrdə baş vermiş son fəlakətlər bunu çox aydın şəkildə göstərib. Təəssüf ki, dayanıqlılığa böhran başlamazdan əvvəl investisiya qoyulmalıdır. Böhran baş verdikdə isə artıq çox gec olur. Bir neçə il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bizə çox vacib və aktual dərslər verdi".
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
