Bakı. Trend:
Hava keyfiyyəti şəhərsalma, mənzil siyasəti və ictimai sağlamlıq məsələlərinin ayrılmaz hissəsinə çevrilməlidir.
Trend xəbər verir ki, bunu "Clean Air Fund"un “Tənəffüs Alan Şəhərlər” (Breath Cities Initiative) təşəbbüsünün icraçı direktoru Sesiliya Vaka Cons Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda çıxışında deyib.
O bildirib ki, Bakının yaşıllıq zolaqları, piyadalar üçün yaradılmış rahat şəhər mühiti və dənizkənarı əraziləri onda böyük təəssürat yaradıb.
“Hoteldən sahilə qədər piyada hərəkət etdim. Yaşıl dəhlizlərdən keçərək dənizə çatdım və demək olar ki, heç bir yolu keçməyə ehtiyac olmadı. Bu, bütün şəhərlərə nəsib olmayan üstünlükdür. Buna görə Bakını təbrik etmək istəyirəm”, – deyə o qeyd edib.
Sesiliya Vaka Cons vurğulayıb ki, “küləklər şəhəri” mənasını verən Bakıda hava keyfiyyətinə həsr olunmuş tədbirin keçirilməsi xüsusi simvolik məna daşıyır.
“Külək havanı hiss etməyin ən real formasıdır. Bu səbəbdən
düşünürəm ki, belə bir sessiyanın məhz Bakıda keçirilməsi gəncləri
bu istiqamətdə daha fəal olmağa təşviq edə bilər”, – deyə o
bildirib.
O qeyd edib ki, insan həyatında ilk edilən hərəkət nəfəs almaqdır
və bu, bütün insanları birləşdirən ən fundamental ortaq
xüsusiyyətdir.
“Biz danışmağı, yeriməyi və ya yemək yeməyi öyrənməzdən əvvəl
nəfəs almağı öyrənirik. Lakin dünyanın bir çox şəhərlərində
körpələrin ilk nəfəsi artıq çirklənmiş hava ilə müşayiət olunur”, –
deyə icraçı direktor bildirib.
Onun sözlərinə görə, hava keyfiyyəti çox vaxt yalnız texniki və ya
ekoloji məsələ kimi təqdim edilir. Halbuki bu mövzu insanların
gündəlik həyatı və sağlamlığı ilə birbaşa bağlıdır.
“Valideynlər övladlarının məktəbə gedərkən təhlükəsiz hava ilə nəfəs alıb-almadığını düşünür. Yaşlı insanlar çöldə rahat nəfəs ala bilib-bilməyəcəyindən narahat olur. Hava hər küçədə, hər evdə, hər məktəbdə və hər insanın bədənində mövcuddur”, – deyə o vurğulayıb.
Sesiliya Vaka Cons bildirib ki, hazırda hava çirklənməsi dünyada
ən ciddi ictimai sağlamlıq problemlərindən biridir.
“Dünyada hər il milyonlarla insan hava çirklənməsi səbəbindən
həyatını itirir. Hava çirklənməsi ürək və ağciyər xəstəlikləri,
diabet, demensiya kimi qeyri-infeksion xəstəliklərlə birbaşa
əlaqəlidir. Bu problem tütün istifadəsindən daha çox vaxtından
əvvəl ölümə səbəb olur və beş yaşadək uşaqlar arasında qidalanma
çatışmazlığından sonra ikinci əsas ölüm səbəbi hesab edilir”, –
deyə o qeyd edib.
O əlavə edib ki, təmiz hava sadəcə ekoloji üstünlük deyil,
ictimai sağlamlığın qorunması vasitəsidir.
“Hava çirkliliyinin azaldılması astma tutmalarının, insultların,
ürək xəstəliklərinin, xəstəxanaya yerləşdirmələrin və erkən
ölümlərin qarşısını almağa kömək edir”, – deyə o bildirib.
İcraçı direktor şəhərsalmada yaşıl infrastrukturun rolunun
artırılmasının vacibliyini də vurğulayıb.
“Bakıda ağacların üzərində QR kodların yerləşdirildiyini gördüm. Bu
kodlar vasitəsilə şəhərdəki ağacların xəritələşdirilməsi aparılır.
Bu, şəhərdə yaşıl infrastrukturun qorunmasına verilən önəmin
göstəricisidir”, – deyə Sesiliya Vaka Cons qeyd edib.
Onun sözlərinə görə, sağlam şəhər yalnız xəstəxanaların və xidmətlərin olduğu məkan deyil, insanların xəstələnməsinin qarşısını alan mühitdir.
“Hava keyfiyyəti mənzil siyasəti, şəhərsalma, iqlim dayanıqlılığı və ictimai məkanlarla bağlı müzakirələrin ayrılmaz hissəsi olmalıdır. Çünki hava çirklənməsi hər kəsə eyni təsir göstərmir. Xüsusilə uşaqlar daha həssasdır. Hava çirkliliyi yalnız ağciyərlərə deyil, uşaqların beyin inkişafına da mənfi təsir göstərir”, – deyə o əlavə edib.
