Bakı. Trend:
WUF13 çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome imzalayıblar.
Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, dayanıqlı urbanizasiya, memarlıq, mənzil siyasəti və müasir şəhər inkişafı yanaşmaları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlib. Sənəd, həmçinin torpaq istifadəsi və şəhərsalma sahəsində təcrübə mübadiləsini, “ağıllı” və dayanıqlı şəhər həllərinin təşviqini, eləcə də beynəlxalq təşəbbüs və platformalarda əməkdaşlığı nəzərdə tutur.
Sənədin imzalanması tərəflərin dayanıqlı urbanizasiya, ərazi planlaşdırılması və müasir şəhər infrastrukturunun inkişafı sahələrində uzunmüddətli əməkdaşlığa, qabaqcıl təcrübə mübadiləsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı marağını təsdiqləyir.
Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev də iştirak edib.
Səfər çərçivəsində Keniya nümayəndə heyəti WUF13 Urban Expo sərgisində təqdim olunan Azərbaycan Pavilyonu ilə də tanış olub. Pavilyonda ölkənin dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi müasir yanaşmalar, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan bərpa layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” həlləri, eləcə də mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər nümayiş etdirilib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
