Bakı.Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş dağıntıların miqyası “urbisid” anlayışı ilə xarakterizə oluna bilər və dağıdılmış ərazilərin ümumi sahəsi Livan böyüklüyündədir.
Trend xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev WUF13 çərçivəsində keçirilən “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel müzakirəsində deyib.
O bildirib ki, tədbirdə hökumət nümayəndələri, akademik dairələr, ictimai fəallar və ekspertlər iştirak edir və müzakirələr əsasən şəhərlərin dağıdılması və yenidən qurulması mövzularına həsr olunub. Bizim mərkəzin bu forum çərçivəsində maraq göstərdiyi əsas mövzulardan biri urbisid məsələsidir. Azərbaycanın üzləşdiyi urbisidin miqyası Livan kimi bir ölkənin ərazisinə bərabərdir”, – deyə o qeyd edib.
F.Şəfiyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə çəkilmiş görüntülər dağıntının miqyasını açıq şəkildə göstərirdi.
“Bu görüntülər Hollivud filmlərindən deyil, real həyatdan idi. Müharibədən bir neçə ay sonra həmin ərazilərə səfər etdikdə tamamilə dağıdılmış şəhər və kəndlərlə qarşılaşmışdıq. Son beş ildə həmin ərazilərdə tamamilə yeni mənzərə formalaşıb:
“Bu gün həmin ərazilərdə bərpa edilmiş yaşayış məntəqələri,
infrastruktur, enerji və qaz xətləri görmək mümkündür. Azərbaycan
bu istiqamətdə mühüm təcrübə əldə edib.
Urbisid anlayışı son 25-30 ildə akademik ədəbiyyatda daha geniş
şəkildə inkişaf etdirilən mövzulardan biridir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
