Bakı. Trend:
Türkiyə coğrafi mövqeyinə görə, xüsusilə zəlzələ başda olmaqla, bir çox təbii fəlakət riski ilə üz-üzə olan bir ölkədir.
Trend xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı konfransda bildirib.
Onun sözlərinə görə, şəhərsalma siyasətinin mərkəzində yalnız böyümə və inkişaf deyil, eyni zamanda təhlükəsizlik, dayanıqlılıq, risklərin azaldılması və fəlakətlərə hazırlıq dayanır:
"Bizim üçün dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil. Dayanıqlı şəhər — infrastrukturu, nəqliyyat sistemi, yaşıl zonaları, sosial obyektləri, iqtisadi həyatı və ictimai həmrəyliyi ilə böhranlar qarşısında ayaqda qala bilən şəhərdir. Zəlzələ riski ilə mübarizədə əsas prinsipimiz fəlakət baş verdikdən sonra müdaxilə etmək deyil, fəlakət baş verməzdən əvvəl riskləri azaltmaqdır. Bu yanaşma təhlükəsiz tikinti, düzgün torpaq seçimi, sağlam şəhərsalma planlaması və davamlı infrastruktur siyasətinə əsaslanır".
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
