Bakı.Trend:
Qarabağ və Şərqi Zəngəzurda yaradılan “ağıllı şəhərlər” Azərbaycanın “yaşıl enerji" konsepsiyası və dayanıqlı inkişaf modellərinin bariz nümunəsidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Fatma Yıldırım Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Azərbaycanın ilk milli dayanıqlı inkişaf standartının hazırlanması: Dayanıqlı Təcrübələr Standartı (SPS)” mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, dayanıqlı inkişaf bu gün yalnız ekoloji konsepsiya deyil, həm də iqtisadi inkişafın, sosial məsuliyyətin və effektiv idarəetmənin əsas dayaqlarından biridir.
Fatma Yıldırım qeyd edib ki, iqlim dəyişiklikləri, urbanizasiya və resurslar ətrafında münaqişələr gələcəyin inkişaf modelinin dayanıqlılıq prinsipləri əsasında qurulmasının zəruriliyini göstərir.
O vurğulayıb ki, forumun Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır, çünki dayanıqlı inkişaf məsələləri qlobal gündəlikdə mühüm yer tutur. Deputatın sözlərinə görə, sessiya çərçivəsində təqdim olunan standartlar mühüm təşəbbüsdür, belə ki, onlar ilk dəfə beynəlxalq dayanıqlı inkişaf prinsiplərinin praktiki tətbiqi üçün sistemli mexanizm təklif edir.
“Bu standart turizmdən və ictimai məkanlardan tutmuş xidmət sektorunadək məsuliyyətli və dayanıqlı fəaliyyət mexanizmlərinin formalaşmasına töhfə verəcək”, — deyə o bildirib.
Fatma Yıldırım ətraf mühitin mühafizəsi, dayanıqlı iqtisadiyyat, resursların idarə olunması və enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyini də qeyd edib. O vurğulayıb ki, dayanıqlı inkişaf yalnız dövlət siyasətinin və hüquq sisteminin deyil, həm də cəmiyyətin gündəlik mədəniyyətinin bir hissəsinə çevrilməlidir.
“Ətraf mühitə qayğıkeş münasibət, resurslardan səmərəli istifadə, sosial inklüzivlik və məsuliyyət hissi güclü cəmiyyətin özəyini təşkil edir”, — deyə deputat əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
