Bakı.Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində atom aviadaşıyıcısı olan USS Nimitz (“Nimits”) gəmisinin rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu Karib dənizinə daxil olub.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
“Karib regionuna xoş gəlmisiniz, “Nimits” aviadaşıyıcı zərbə qrupu!”, - məlumatda qeyd olunub.
Bildirilib ki, aviadaşıyıcı ilə birlikdə bölgəyə onun üzərində yerləşdirilmiş “CVW-17” aviasiya qanadı, “USS Gridley” esminesi və “USNS" Patuhent” təchizat gəmisi də gəlib. Komandanlıq vurğulayıb ki, bu qüvvələr “ən yüksək döyüş hazırlığını, misilsiz zərbə məsafəsini , eləcə də strateji üstünlüyü təcəssüm etdirir.
Məlumata görə, “Nimits” aviadaşıyıcısı Tayvan boğazından tutmuş Fars körfəzinədək dünyanın müxtəlif nöqtələrində öz effektivliyini dəfələrlə sübut edib.
