Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Susayqışlaq kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Susayqışlaq, Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, yolların təmiri və digər məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
