Mənzil investisiyaları multiplikativ iqtisadi effekt yaradır - Anaklaudia Rossbax

İqtisadiyyat Materials 21 May 2026 10:30 (UTC +04:00)
Mənzil investisiyaları multiplikativ iqtisadi effekt yaradır - Anaklaudia Rossbax
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin və qeyri-hökumət təşkilatlarının əldə etdiyi humanitar maliyyə vəsaitləri əsasən həyatların xilasına və təcili yardıma yönəldildiyi üçün mənzil təminatı məsələsinə birbaşa yönəldilmir.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən "Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi" mövzusunda çıxışında deyib.

O bildirib ki, inkişaf maliyyələşməsi çərçivəsində də mənzil sahəsi kifayət qədər prioritet hesab edilmir və beynəlxalq inkişaf banklarının portfellərində bu istiqamət çox kiçik paya malikdir.

İcraçı direktor qeyd edib ki, bir çox ölkələrdə mənzil məsələsinin həlli əsasən daxili maliyyə resursları hesabına həyata keçirilir:

“Daxili maliyyə sistemlərini inkişaf etdirə bilməyən ölkələrdə mənzil təminatı problemi daha da dərinləşir və nəticədə insanlar daha geniş ərazilərə yayılmağa məcbur qalır”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu, sistem səviyyəsində mövcud olan struktur problemdir və cəmiyyət olaraq bunun həlli üzərində işləmək lazımdır.

A.Rossbax vurğulayıb ki, humanitar planlaşdırmada maliyyə məhdud olsa belə, düşüncə və planlama mərhələsindən etibarən mənzil məsələsi prioritet olmalıdır.

“Biz sosial kapitalı və icma potensialını gücləndirməliyik. İcma əsaslı resurslar düzgün dəstəklə mərhələli və dayanıqlı bərpa prosesinə çevrilə bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu yanaşma mövcud maliyyə sistemləri tam dəyişmədən belə qismən tətbiq oluna bilər.

İcraçı direktor qeyd edib ki, prosesdə yerli hökumətlərin rolu xüsusi əhəmiyyət daşıyır:

“Çünki məhz yerli idarəetmə orqanları xidmətlərin təmin edilməsində və prosesin davamlılığında əsas rol oynayır”, – deyə o vurğulayıb.

A.Rossbax əlavə edib ki, mənzil yalnız sosial məsələ deyil, həm də iqtisadi sahə kimi dəyərləndirilməlidir.

“Yaşayış sektoru böyük dəyər zəncirinə malik bir sənayedir və həm iri, həm də kiçik biznes üçün geniş imkanlar yaradır.
Mənzilə investisiya qoyuluşu yerli iqtisadi inkişafı stimullaşdırır və gəlirlərin artmasına səbəb olur”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu yanaşma həm də ölkələrin ümumi daxili məhsuluna müsbət təsir göstərir və investisiyaların iqtisadi dövriyyədə çoxaldıcı effekt yaradır.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti