Bakı. Trend:
Daha bir nəslin gecəqondularda doğulmasını qəbul edə bilmərik və buna imkan verməməliyik.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Uşaq və Gənclərin Dəyirmi Masası” adlı tədbirdə deyib.
O bildirib ki, bu məsələ UN-Habitat-ın 2026–2029-cu illəri əhatə edən yeni strateji planına başlayarkən, Yeni Şəhər Gündəliyinin son 10 ildə hansı nəticələr verdiyini nəzərdən keçirərkən və uşaqların, gənclərin hansı şəkildə geridə qaldığını qiymətləndirərkən qarşımızda duran əsas çağırışlardan biridir:
“Gecəqonduda yaşayan bir uşaq hər gün məktəbə getməlidir, amma yaxınlıqda məktəb yoxdur və ya məktəb çox uzaqdadır, nəqliyyat isə yoxdur. Uşaq məktəbdən evə qayıdır və ev tapşırığı etməlidir, amma təhlükəsiz və uyğun şərait yoxdur, çünki yaşayış şəraiti olduqca ağırdır. Yağış yağır və ev su altında qalır, elektrik enerjisi kəsilir. Yaxud COVID dövründə olduğu kimi yeni bir pandemiya baş verir və həmin uşağın internetə və ya rəqəmsal imkanlara çıxışı olmadığından dərslərə qoşulmaq imkanı olmur”.
İcraçı direktorun sözlərinə görə, missiyalarım zamanı artıq küçələrdə yaşayanların yalnız təkcə kişilər olmadığını görüb:
“Getdikcə daha çox qadınlar, uşaqlar və bütöv ailələr küçələrdə yaşayır. Onların, demək olar ki, heç bir şansı yoxdur. Qeyri-rəsmi yaşayış məntəqələrində və ya küçələrdə yaşayan uşaqlar nə qədər tez-tez xəstələnirlər? Onların yaxınlıqda klinikası, səhiyyə xidməti, yaxud daha ixtisaslaşmış tibbi yardıma çıxışı varmı? Çox vaxt yoxdur. Belə bir şəraitdə həmin uşağın təhsilini davam etdirməsi necə mümkün ola bilər?
Bir də universitetə qəbul olan və ya yeni işə başlayan gənci düşünək. O, yeni şəhərdə yaşayış yeri axtarır və başa düşür ki, kirayə haqqını ödəyə bilmir. Mənzil almaq isə ümumiyyətlə mümkün deyil. Nəticədə nə işə başlaya bilir, nə də təhsilini davam etdirə bilir.
Mən sadəcə istəyirəm ki, biz bu insanların həyatını görək, onların hiss etdiklərini anlayaq və burada müzakirə etdiyimiz məsələlərin nə qədər təcili və həyati əhəmiyyət daşıdığını hiss edək”.
A.Rossbax qeyd edib ki, WUF13 bu məqsədləri daha yüksək səviyyəyə çıxarmağa kömək edə bilər.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
