Bakı.Trend:
Universitetlər və tədqiqat mərkəzləri elmi araşdırmaların nəticələrini daha sürətlə cəmiyyətə çatdırmalı və tədqiqat gündəmini insanların real ehtiyacları əsasında müəyyənləşdirməlidirlər.
Trend xəbər verir ki, bu fikirləri amerikalı şəhərsalma üzrə alim Karen Chapple BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Təhsil və peşəkar hazırlıq” beynəlxalq dəyirmi masa müzakirəsində deyib.
Onun sözlərinə görə, akademik mühitdə aparılan araşdırmaların praktik nəticələrə çevrilməsi çox vaxt uzun müddət tələb edir.
“Qrant müraciətinin hazırlanmasından sahə tədqiqatlarına, elmi məqalələrin yazılması və nüfuzlu jurnallarda dərc olunmasına qədər bəzən beş il vaxt keçir. Bundan sonra isə yalnız kiçik bir hissə ictimaiyyətə təqdim olunur. Halbuki insanlar məlumatı çox daha sürətlə qəbul edir və ondan faydalanırlar”.
K.Chapple qeyd edib ki, universitetlərlə yerli icmalar arasında əlaqələrin gücləndirilməsinə ehtiyac var.
“Biz tədqiqat suallarını cəmiyyətin ehtiyaclarından formalaşdırmaq imkanından kifayət qədər istifadə etməmişik. Əksər hallarda əvvəlcə araşdırma aparılır, daha sonra onun insanlar üçün nə dərəcədə əhəmiyyətli olduğu müəyyənləşdirilməyə çalışılır. Bu yanaşmanı dəyişmək lazımdır”.
Alim rəhbərlik etdiyi “School of Cities” mərkəzində bu prinsip əsasında fəaliyyət göstərdiklərini bildirib.
Onun sözlərinə görə, şəhər mərkəzlərinin bərpasını izləyən
“Downtown Recovery” layihəsi çərçivəsində Şimali Amerika və
Avropada şəhər mərkəzlərinin inkişaf dinamikası mobil telefon
məlumatları vasitəsilə təhlil edilib: “Layihə beynəlxalq mediada
geniş maraq doğurub və bu sayədə insanların hansı mövzulara daha
çox diqqət yetirdiyi müəyyənləşdirilib.
İnsanlar xüsusilə hansı iqtisadi modellərin daha dayanıqlı olması
və ictimai nəqliyyat sistemlərinin böhranlardan sonra necə bərpa
olunması kimi məsələlərlə maraqlanırdılar. Biz də sonrakı
tədqiqatlarımızı məhz bu suallara cavab tapmağa yönəltdik”, – deyə
K.Chapple bildirib.
Onun sözlərinə görə, müasir dövrdə tədqiqat nəticələrinin geniş auditoriyaya çatdırılması üçün ənənəvi elmi nəşrlərlə kifayətlənmək mümkün deyil.
“Biz xəritələrdən, məlumatların vizuallaşdırılmasından, videolardan, siyasət sənədlərindən və qısa analitik hesabatlardan istifadə edirik. Tədqiqatlarımız Reddit, TikTok, LinkedIn və Instagram kimi platformalarda paylaşılır. Məlumat bazamız hər il bir milyondan çox baxış toplayır”, – deyə o qeyd edib.
Karen Chapple əlavə edib ki, yeni alətlərin və rəqəmsal platformaların yaradılması ilə yanaşı, onların praktik istifadəsini öyrədən təlim proqramlarının təşkili də vacibdir.
“Bu təlimlər yalnız universitet tələbələri üçün deyil, şəhərlər və qurumlar arasında təcrübə mübadiləsini təşviq edən həmkarlararası öyrənmə proqramlarını da əhatə etməlidir. Universitetlər bu istiqamətdə mühüm rol oynaya və institusional əməkdaşlığın inkişafına töhfə verə bilərlər”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
