WUF13 çərçivəsində şəhərsalma təhsilinin gələcəyi və peşəkar hazırlıq məsələləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 21 May 2026 15:18 (UTC +04:00)
WUF13 çərçivəsində şəhərsalma təhsilinin gələcəyi və peşəkar hazırlıq məsələləri müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Təhsil və peşəkar hazırlıq” mövzusunda beynəlxalq dəyirmi masa müzakirəsi keçirilib.

Trend xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan akademiklər, şəhərsalma üzrə ekspertlər, tədqiqatçılar və ali təhsil müəssisələrinin nümayəndələri şəhərlərin dayanıqlı inkişafı üçün müasir təhsil modelləri, multidissiplinar yanaşmalar və peşəkar kadr hazırlığı məsələlərini müzakirə ediblər.

Müzakirələr zamanı vurğulanıb ki, sürətli urbanizasiya, iqlim dəyişiklikləri, texnoloji transformasiya və sosial çağırışlar şəhərsalma sahəsində yeni bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan universitetlərdə multidissiplinar proqramların genişləndirilməsi, nəzəri biliklərlə praktiki təcrübənin inteqrasiyası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biri kimi qiymətləndirilib.

Panel iştirakçıları qeyd ediblər ki, müasir şəhərlərin inkişafı yalnız memarlıq və mühəndislik həlləri ilə məhdudlaşmır. Şəhərsalma prosesində sosial, iqtisadi, ekoloji və texnoloji amillərin birlikdə nəzərə alınması vacibdir. Bu səbəbdən gələcəyin mütəxəssisləri müxtəlif sahələrin nümayəndələri ilə əməkdaşlıq etməyi və kompleks problemlərə inteqrasiya olunmuş yanaşmalar tətbiq etməyi bacarmalıdırlar.

Tədbirdə çıxış edən ekspertlər tədqiqat nəticələrinin ictimai siyasətə inteqrasiyasının, universitetlərlə dövlət qurumları və yerli icmalar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, elmi araşdırmalar yalnız akademik nəşrlərlə məhdudlaşmamalı, praktik həllərin hazırlanmasına və qərar qəbuletmə prosesinə də töhfə verməlidir.

Müzakirələrdə həmçinin şəhərsalma təhsilində rəqəmsal texnologiyaların, süni intellektin, böyük verilənlərin analizi və məlumatların vizuallaşdırılması alətlərinin tətbiqi məsələləri diqqət mərkəzində olub. Qeyd edilib ki, bu texnologiyalar şəhərlərin daha səmərəli planlaşdırılmasına və idarə olunmasına yeni imkanlar yaradır.

Dəyirmi masa çərçivəsində müxtəlif ölkələrin təcrübələri təqdim olunub, şəhərsalma və mənzil siyasəti sahəsində insan mərkəzli yanaşmaların əhəmiyyəti, dayanıqlı nəqliyyat sistemləri, ekoloji çağırışlar və gələcəyin şəhərlərinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İştirakçılar yekdilliklə bildiriblər ki, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün təhsil müəssisələri, dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir tələblərə cavab verən peşəkar kadr hazırlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti