Dünyada təxminən 117 milyon insan məcburi köçkün vəziyyətinə düşüb - İraqın sabiq prezidenti

Siyasət Materials 21 May 2026 10:04 (UTC +04:00)
Dünyada təxminən 117 milyon insan məcburi köçkün vəziyyətinə düşüb - İraqın sabiq prezidenti
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Münaqişələr, zorakılıq və təqiblər nəticəsində dünyada təxminən 117 milyon insan məcburi köçkün vəziyyətinə düşüb və iqlim dəyişikliklərinin yaratdığı fəlakətlər bu riski daha da artırır. Lakin bir çox insan üçün müvəqqəti sığınacaq həyatı yenidən qurmağa imkan verməyən uzunmüddətli qeyri-müəyyənlik vəziyyətinə çevrilir.

Trend xəbər verir ki, bunu İraq Respublikasının keçmiş prezidenti Bəhram Saleh WUF13 çərçivəsində keçirilən "Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi" mövzusunda çıxışında deyib.

O bildirib ki, dünyanın müxtəlif bölgələrində – Çad, Braziliya, İordaniya, Kolumbiya, Türkiyə və Suriyada müşahidə olunan təcrübə bir həqiqəti təsdiqləyir: bərpa prosesi insanların yaşaya biləcəyi təhlükəsiz məkanın yaradılması ilə başlayır.

“Eyni zamanda, qəbul edən icmalar da böyük həmrəylik nümayiş etdirirlər. Onlar məhdud resurslara malik olsalar belə, evlərini, torpaqlarını və xidmətlərini məcburi köçkünlərlə bölüşürlər”, – deyə o vurğulayıb.

B.Salehin sözlərinə görə, məcburi köçkünlərin sayının sürətlə artması yeni yanaşmalar tələb edir. Şəhər və qəsəbələr daha çox köçkünü qəbul etdikcə, mənzil fonduna, infrastruktura və sosial həmrəyliyə təzyiq də artır.

“Yetərli mənzil təminatı olmadıqda bərpa prosesi zəifləyir. İnsanların dolanışıq imkanları qeyri-sabit qalır, təhsil və səhiyyə xidmətlərinə çıxış pozulur, özünütəminetmə imkanları isə daha da çətinləşir”, – o qeyd edib.

Keçmiş prezident hesab edir ki, bərpa və yenidənqurma siyasətində əsas dönüş nöqtəsi adekvat mənzil hüququnun mərkəzi yerə çıxarılması olmalıdır.

“Ev anlayışı yalnız divarların tikilməsi ilə başlamır. Bu proses torpaqdan istifadəyə çıxış, mülkiyyət və yaşayış hüququnun təmin edilməsi, eləcə də insanların ləyaqətlə yaşamasına, işləməsinə və həyatlarını yenidən qurmasına imkan verən sənədləşmə ilə başlayır”, – deyə o bildirib.

B.Saleh vurğulayıb ki, bu istiqamətdə dəyişiklik artıq başlayıb. Onun sözlərinə görə, Qlobal Qaçqınlar Forumu çərçivəsində irəli sürülən İnsan Məskunlaşması Öhdəliyi məcburi köçkünlük probleminə inklüziv planlaşdırma, yerli inkişaf və ortaq rifah üçün imkan kimi yanaşmanı təşviq edir.

“Faktlar göstərir ki, qaçqınların mənzil təminatına və sərbəst hərəkət imkanlarına çıxışı olduqda, onlar qəbul edən icmaların iqtisadi və sosial inkişafına mühüm töhfə verirlər. Məcburi köçkünlər yük deyil, həllin bir hissəsidir”, – deyə o əlavə edib.

Keçmiş prezident bildirib ki, artıq bir sıra ölkələrdə uğurlu nümunələr formalaşır. Keniya və Efiopiyada düşərgələrin şəhərlərə çevrilməsi, Çad və Mavritaniyada inklüziv yanaşmaların tətbiqi, Avropanın müxtəlif şəhərlərində isə güclü bələdiyyə idarəçiliyi bunun göstəricisidir.

“Şəhərlər yalnız köçkün axınını idarə edən məkanlar deyil. Onlar müdafiənin, inklüzivliyin və dayanıqlı həllərin formalaşdığı mərkəzlərdir”, – deyə o vurğulayıb.

B.Saleh qeyd edib ki, bələdiyyələr bu yükü təkbaşına daşıya bilməz. Bunun üçün onlara aydın səlahiyyətlər, dayanıqlı maliyyələşmə mexanizmləri və hökumətlər, inkişaf tərəfdaşları, özəl sektor və yerli icmalarla güclü əməkdaşlıq lazımdır.

Çıxışını yekunlaşdıran keçmiş prezident beynəlxalq ictimaiyyəti müvəqqəti sığınacaq modelindən uzunmüddətli mənzil həllərinə keçməyə çağırıb.

“Biz qısamüddətli reaksiyalardan uzunmüddətli həllərə, paralel sistemlərdən isə inklüziv milli çərçivələrə keçməliyik.
İndi hərəkətə keçmək vaxtıdır. Məqsəd yalnız itirilənləri bərpa etmək deyil, hər kəs üçün daha güclü, daha inklüziv və daha dayanıqlı icmalar qurmaqdır”, – deyə B.Saleh bildirib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti