Mənzil siyasətində qlobal deyil, kontekstə uyğun yanaşma olmalıdır - Professor

Cəmiyyət Materials 21 May 2026 10:15 (UTC +04:00)
Mənzil siyasətində qlobal deyil, kontekstə uyğun yanaşma olmalıdır - Professor
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Böhranlardan sonrakı bərpa prosesində mənzil məsələsi həm sosial, həm də iqtisadi baxımdan həlledici əhəmiyyət daşıyır, lakin bu sahədə uğurlu nəticə əldə etmək üçün hər bir ölkənin və regionun özünəməxsus şəraiti nəzərə alınmalıdır.

Trend xəbər verir ki, bunu Münaqişə və Humanitar Araşdırmalar Mərkəzinin qurucu direktoru, Qətərin Doha şəhərində yerləşən Doha Ali Tədqiqatlar İnstitutunun professoru Sultan Barakat WUF13 çərçivəsində keçirilən "Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi" mövzusunda çıxışında deyib.

O bildirib ki, mənzil siyasəti qlobal və ümumi yanaşmalar əsasında deyil, konkret şəraitə uyğun formalaşdırılmalıdır.

“Hamımız anlayırıq ki, mənzil bərpanın mərkəzində dayanır. O, həm də bərpa prosesindən keçən ölkənin iqtisadiyyatının əsas komponentlərindən biridir. Mənzilin sosial dəyəri də danılmazdır. Lakin əsas məsələ bunu necə reallaşdırmaqdır. Bunun üçün hər bir kontekstə uyğun yanaşma tətbiq edilməli, mənzil məsələsinə ümumi və şablon yanaşmalardan imtina olunmalıdır”, – deyə o vurğulayıb.

Professorun sözlərinə görə, əgər ölkədə siyasi razılaşma əldə olunubsa, sülh müqaviləsi mövcuddursa, müəyyən sabitlik təmin edilibsə və hökumət əhalinin konkret ərazilərdə daimi məskunlaşmasını dəstəkləyirsə, bərpa prosesi daha asan həyata keçirilir.

“Belə şəraitdə məsələ daha çox strategiyaların və texniki yanaşmaların düzgün seçilməsindən ibarət olur. Lakin mübahisəli ərazilərdə və ya etnik təmizləmə, yaxud başqalarının torpaqlarını ələ keçirmək kimi məqsədlərlə müşayiət olunan münaqişə şəraitində vəziyyət daha mürəkkəb olur”, – deyə o qeyd edib.

S.Barakat bildirib ki, bu kimi hallarda beynəlxalq təşkilatlar və BMT sistemi adətən humanitar yanaşmaya üstünlük verir.

“Humanitar çərçivə həyatların xilas edilməsinə imkan yaradır və siyasi nəticələrə görə məsuliyyət daşımamaq imkanı verir. Lakin bəzi hallarda bu yanaşma müəyyən ədalətsizliklərin və ya beynəlxalq hüquqa tam uyğun olmayan siyasi nəticələrin dolayı yolla legitimləşdirilməsi riskini də yaradır”, – deyə o bildirib.

Onun fikrincə, bu yanaşmanın əsas çatışmazlıqlarından biri insanların təşəbbüskarlıq və qərarvermə imkanlarını zəiflətməsidir.

“Mənzil təminatının həyata keçirilməsi üçün iki əsas amil lazımdır: insanların öz hökumətləri, bələdiyyələri və digər tərəfdaşlarla birlikdə hərəkət etmək iradəsini və təşəbbüskarlığını qoruyub saxlaması, həmçinin bunun üçün zəruri resursların mövcudluğu”, – deyə professor vurğulayıb.

S.Barakat qeyd edib ki, mövcud humanitar sistem daha çox insanların həyatını xilas etməyə yönəlib, lakin onların motivasiyasının, təşkilatlanmaq bacarığının və gələcəyə inamının qorunmasına daha az diqqət yetirir.

“İlk texniki müdaxilə məhz burada həyata keçirilməlidir. Məcburi köçkünlüyün ilk günündən etibarən diqqət gələcəkdə necə yenidən qurulacağımıza yönəlməlidir. Çünki insanların düşüncəsində olan əsas məsələ məhz budur”, – deyə o bildirib.

Professorun sözlərinə görə, məcburi köçkün ailələri sabitlik əldə etdikdən dərhal sonra gələcək və yenidənqurma haqqında düşünməyə başlayırlar.

“İnsanların yenidənqurma barədə düşünməyə başladığı məqamla bizim planlaşdırma proseslərimiz arasında boşluq yaranmasına imkan verməməliyik. Hətta ilkin mərhələdə həyata keçirilən yumşaq müdaxilələr belə insanların təşkilatlanmaq, motivasiyalarını qorumaq və cəmiyyətin kənarında qalmamaq imkanlarını gücləndirməlidir.
Bu, onların irəliyə doğru addımlamasına ciddi dəstək verəcək”, – deyə S.Barakat əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti