WUF13: İnklüziv şəhər pandus və liftlərdən başlamır - Aydın Xəlilov (FOTO)

Cəmiyyət Materials 21 May 2026 09:27 (UTC +04:00)
WUF13: İnklüziv şəhər pandus və liftlərdən başlamır - Aydın Xəlilov (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda Qan Donorları Assosiasiyası tərəfindən “İnklüziv şəhər: hər kəs üçün əlçatan şəhər mühitinin yaradılması” mövzusunda tədbir təşkil olunub.

Trend xəbər verir ki, tədbirin qonağı Əlilliyi olan şəxslərin Müstəqil Həyat Mərkəzinin sədri, ESG standartlarının və inklüziv biznes proseslərinin tətbiqi üzrə ekspert, sosial inklüziya və universal dizayn üzrə 20 ildən artıq təcrübəyə malik məsləhətçi Aydın Xəlilov olub.

Müzakirələr zamanı iştirakçılar inklüziv şəhərlərin formalaşdırılmasına müasir yanaşmaları, əlilliyi olan şəxslərin gündəlik qarşılaşdıqları fiziki və sosial maneələri, həmçinin ictimai məkanların, nəqliyyatın və rəqəmsal mühitin əlçatanlığı məsələlərini müzakirə ediblər.

Universal dizayn prinsiplərinə və şəhərsalma sahəsində insan mərkəzli yanaşmaya xüsusi diqqət ayrılıb. İştirakçılar qeyd ediblər ki, müasir şəhər yaşından, fiziki imkanlarından və sosial statusundan asılı olmayaraq əhalinin bütün kateqoriyaları üçün rahat və təhlükəsiz olmalıdır.

Aydın Xəlilov Trend-ə müsahibəsində bildirib ki, inklüziv şəhər anlayışı yalnız baza infrastrukturunun yaradılması ilə məhdudlaşmır.

“İnklüziv şəhər təkcə panduslar və liftlər deyil. Bu, hər bir insanın təhlükəsiz, müstəqil və ləyaqətli şəkildə yaşaya, sərbəst hərəkət edə, təhsil ala, işləyə və ictimai həyatda tam iştirak edə bildiyi mühitdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, şəhər mühitinin yaradılması zamanı yalnız memarlıq baxımından əlçatanlıq deyil, əlilliyi olan şəxslərin qərarların qəbul edilməsi prosesində iştirakı da nəzərə alınmalıdır.

“Çox vacibdir ki, əlilliyi olan şəxslər sadəcə xidmət alan tərəf deyil, şəhərlərin planlaşdırılması və inkişafı proseslərinin tamhüquqlu iştirakçıları olsunlar. Yalnız bu halda həqiqətən işlək inklüziv sistem yaratmaq mümkündür”, – deyə Aydın Xəlilov vurğulayıb.

Müzakirələr çərçivəsində dövlət qurumları və biznes strukturlarının fəaliyyətində ESG standartlarının rolu da xüsusi qeyd olunub. Ekspertlər inklüziv biznes modellərinin formalaşdırılmasını, əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının genişləndirilməsini və şirkətlərin sosial məsuliyyətinin inkişafını müzakirə ediblər.

İştirakçılar rəqəmsal əlçatanlıq və sosial iştirak səviyyəsini artırmağa imkan verən müasir texnoloji həllərə də ayrıca diqqət ayırıblar.

Tədbir zamanı beynəlxalq təcrübə və innovativ yanaşma nümunələri səsləndirilib, onların gələcəkdə Azərbaycanda daha əlçatan və inklüziv şəhər mühitinin formalaşdırılması üçün tətbiq oluna biləcəyi bildirilib.

Görüş iştirakçıları qeyd ediblər ki, WUF13 platformasında bu cür müzakirələrin keçirilməsi Bakının insanı və onun şəhər həyatında tam iştirak hüququnu diqqət mərkəzində saxlayan müasir urban-planlaşdırma yanaşmalarını inkişaf etdirmək niyyətini nümayiş etdirir.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti