Bakı.Trend:
Mənzil maliyyələşdirilməsi bu gün tikinti çərçivəsindən çıxaraq insan potensialının inkişafı, sosial sabitlik və iqtisadi artım alətinə çevrilir.
Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə nazirinin müavini Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Mənzil maliyyələşdirilməsi sahəsində yeni saziş” sessiyasında deyib.
Onun sözlərinə görə, mənzil siyasəti əlçatanlığı, inklüzivliyi, dayanıqlılığı və maliyyə davamlılığını təmin etməlidir. Nazir müavini qeyd edib ki, mənzil maliyyələşdirilməsi cəmiyyətin gələcəyinin formalaşdırılması, sosial rifah və gənc ailələr üçün imkanlarla bilavasitə bağlıdır.
A.Kərimov bildirib ki, Azərbaycanda sosial dəstəyi və maliyyə sisteminin dayanıqlığını birləşdirən mənzil maliyyələşdirilməsi sistemi formalaşdırılıb. O vurğulayıb ki, İpoteka Fondu 58 mindən çox mənzil kreditini dəstəkləyib və satınalma hüququ ilə təxminən 9 min kirayə müqaviləsi bağlayıb, fondun idarə etdiyi ümumi vəsaitin həcmi isə 2 milyard ABŞ dollarını ötür.
Onun sözlərinə görə, maliyyələşdirmə modeli dövlət dəstəyi ilə kapital bazarı alətlərinin, o cümlədən daxili bazarda istiqraz emissiyasının uzlaşdırılmış şəkildə tətbiqini nəzərdə tutur.
A.Kərimov həmçinin qeyd edib ki, güzəştli ipoteka proqramları qaçqınlar, məcburi köçkünlər, hərbi qulluqçular və müəllimlər də daxil olmaqla əhalinin həssas kateqoriyalarını əhatə edir.
Nazir müavini vurğulayıb ki, mənzil maliyyələşdirilməsi proseslərinin rəqəmsallaşdırılmasına, o cümlədən müraciətlərin tam elektron qaydada qəbulu və məlumatların elektron hökumət sistemləri vasitəsilə emalına xüsusi diqqət yetirilir.
O, həmçinin güzəştli şərtlərlə mənzil təminatı layihələrini həyata keçirən Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətindən danışıb. Ayrılıqda “Böyük Qayıdış” dövlət proqramını qeyd edən A.Kərimov bildirib ki, 2022-ci ildən etibarən azad edilmiş ərazilərin bərpasına 10 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
Onun sözlərinə görə, mənzil sektoru sənaye, məşğulluq, infrastruktur və şəhər inkişafı da daxil olmaqla iqtisadiyyata multiplikativ təsir göstərir.
A.Kərimov “yaşıl” istiqrazların, “yaşıl” taksonomiyanın, bərpa olunan enerjinin inteqrasiyasının, rəqəmsal kadastrların və ekoloji tikinti standartlarının inkişafından da danışıb. O qeyd edib ki, mənzil maliyyələşdirilməsi sadəcə kvadratmetr məsələsi deyil, insan potensialının inkişafı və dayanıqlı şəhər inkişafı məsələsidir.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
