AİB icarə sektorunun inkişafı hesabına mənzil təminatı imkanlarını genişləndirməyə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2026 11:48 (UTC +04:00)
AİB icarə sektorunun inkişafı hesabına mənzil təminatı imkanlarını genişləndirməyə çağırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Əlçatan mənzil probleminin həlli yalnız maliyyə alətlərini deyil, həmçinin icarə sektorunun inkişafı və şəhər infrastrukturunun kompleks planlaşdırılması da daxil olmaqla, mənzilə çıxış imkanlarının genişləndirilməsini tələb edir.

Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakıda keçirilən “Mənzil maliyyələşdirilməsi sahəsində yeni saziş” adlı sessiyada Asiya İnkişaf Bankının (AİB) Su ehtiyatları və şəhərsalma üzrə direktoru Şrinivas Sampat deyib.

Onun sözlərinə görə, mənzil siyasətinə yanaşma əhalinin hədəf qrupundan, xüsusilə də ən həssas təbəqələrdən asılıdır.

Direktor bildirib ki, aşağı gəlirli əhali üçün dəstək yalnız pul transfertləri ilə məhdudlaşmamalı, şəhərsalma, nəqliyyat və sosial infrastruktur nəzərə alınmaqla yaşayış məntəqələrinin kompleks layihələndirilməsini də əhatə etməlidir.

Ş.Sampat dövlət-özəl tərəfdaşlığı layihələrindən nümunə gətirərək bildirib ki, özəl sektorun üzərinə həddindən artıq yük qoyulması layihələrin dəyərinin hökumətin gözləntiləri ilə müqayisədə bir neçə dəfə artmasına səbəb olub. Onun sözlərinə görə, bu, risklərin azaldılması və layihələrin reallaşdırılmasının artırılması üçün əsas infrastrukturun maliyyələşdirilməsində dövlət iştirakının vacibliyini göstərir.

Direktor qeyd edib ki, tam infrastrukturla təmin olunmuş torpaq sahələri çox vaxt əhalinin əhəmiyyətli hissəsi üçün əlçatmaz olur.

Ş.Sampat həmçinin kirayə mənzillərin bazarın ayrıca seqmenti kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, kirayə mənzillər mənzil almaq imkanı olmayan və ya ipoteka əldə edə bilməyən miqrantlar və şəhər sakinləri üçün mühüm həll yoluna çevrilir.

O bildirib ki, Asiya regionunun bir sıra ölkələrində, o cümlədən Hindistan, Filippin, İndoneziya və Vyetnamda kirayə mənzil sektorunun inkişafı mənzil siyasətinin mühüm istiqamətlərindən birinə çevrilir.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti