WUF13 çərçivəsində “Şəhərlər üçün izahlı lüğət” təqdimat olunub (FOTO)

Cəmiyyət Materials 21 May 2026 11:26 (UTC +04:00)
WUF13 çərçivəsində “Şəhərlər üçün izahlı lüğət” təqdimat olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərlər üçün izahlı lüğət”in təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, lüğətin hazırlanmasında əsas məqsəd şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları haqqında aydın və sistemli təsəvvür yaratmaqdır.

“Şəhərsalma Terminlərinin İzahlı Lüğət”i dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər, yaşayış məskənləri üzrə geniş diskurs zamanı istifadə olunan əsas terminlərin sistemli izahından ibarətdir. “Şəhərsalma Terminlərinin İzahlı Lüğəti” praktiki istinad mənbəyi kimi nəzərdə tutulub.

Təqdimat mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şöbə müdiri Ramil Cahangirov bildirib ki, lüğətin hazırlanması dəyərli bir təşəbbüsdür:

“Son beş ildə, hətta daha uzun müddətdir ki, biz beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edirik. Təkcə biz deyil, xüsusilə gənc memarlar, gənc şəhərsalma mütəxəssisləri və şirkətlər də beynəlxalq tərəfdaşlarla sıx işləyirlər.

Belə bir şəraitdə ortaq peşə dilinin olması son dərəcə vacibdir. Məhz buna görə də biz bu lüğəti memarlar, şəhərsalma mütəxəssisləri və bu sahəyə maraq göstərən hər kəs üçün çox faydalı və praktik bir alət hesab edirik. Bu vəsait terminologiyanın vahidləşdirilməsinə, anlayışların daha düzgün başa düşülməsinə və müasir tendensiyalarla bağlı əsas anlayışların mənimsənilməsinə kömək edəcək”.

O əlavə edib ki, bu lüğət tələbələr və akademik mühit üçün də çox faydalıdır.

Qeyd edək ki, nəşr Şəhərsalma Komitəsi və Arxitektura Komitəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun alimləri tərəfindən rəy və ekspertiza baxımından qiymətləndirilib.

Təqdimat mərasimində həmçinin çıxışçılar yeni lüğətlə bağlı fikirlərini səsləndiriblər. Yekunda tədbir iştitakçılarına yeni lüğət hədiyyə edilib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti