Bakı. Trend:
Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü, bu ölkənin keçmiş xarici işlər naziri, Serb Respublikasının sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniç ölkələri Dünya Bankına daha çox vəsait ayırmağa çağıraraq bu qurumun inkişaf və mənzil təminatı sahəsində mühüm maliyyə dayaq rolunu oynadığını bildirib.
Trend xəbər verir ki, o bu barədə Bakıda WUF13 çərçivəsində keçirilən "Çoxtərəflilik vasitəsilə mənzil siyasətinin inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru" mövzusunda çıxışında deyib.
O bildirib ki, Bosniya və Herseqovina müharibə nəticəsində ağır dağıntılara məruz qalmış ölkələrdən biri olub və mənzil təminatı sahəsində üzləşilən problemlərin əsas səbəbi məhz müharibənin yaratdığı dağıntılar idi.
"Müharibədən sonra çoxtərəfli institutların dəstəyi olmadan vətəndaşlarımızın mənzillə təmin olunması mümkün olmazdı. Bu prosesdə təkcə BMT qurumları deyil, çoxsaylı beynəlxalq qeyri-hökumət təşkilatları da mühüm rol oynayıb. Xüsusilə müharibədən sonrakı ilk illərdə minlərlə QHT ölkədə fəaliyyət göstərərək bərpa işlərinə töhfə verib", - deyə o vurğulayıb.
M.İvaniç qeyd edib ki, ölkənin yenidən qurulmasında və mənzil fondunun bərpasında beynəlxalq maliyyə institutlarının rolu həlledici olub.
"Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankının dəstəyi olmadan bu prosesləri həyata keçirmək mümkün olmazdı. Müharibə nəticəsində ölkədə mənzil fondunun təxminən 40 faizi dağıdılmış və ya ciddi zərər görmüşdü. Demək olar ki, hər iki evdən biri ya tamamilə məhv edilmiş, ya da ağır şəkildə zədələnmişdi", - deyə o bildirib.
Onun sözlərinə görə, çoxtərəfli institutlar yalnız maliyyə və texniki dəstək göstərməklə kifayətlənməyib, həm də yerli hakimiyyət orqanlarının prioritetlərini düzgün müəyyənləşdirməsinə təsir ediblər.
"Yerli siyasətçilər bəzən resursları başqa istiqamətlərə yönəltməyə üstünlük verə bilərdilər. Lakin beynəlxalq institutların tələbi və təzyiqi nəticəsində mənzil təminatı əsas prioritetlərdən birinə çevrildi. Bu da insanların normal həyata qayıtmasına imkan verdi", - deyə o əlavə edib.
M.İvaniç bəzi fikirlərin əksinə olaraq, çoxtərəfli institutların böhran vəziyyətində olduğu qənaətini bölüşmədiyini bildirib.
"Bəzi siyasi institutlar müəyyən çətinliklərlə üzləşə bilər. Lakin ixtisaslaşmış çoxtərəfli qurumlar fəaliyyətlərini effektiv şəkildə davam etdirirlər. UNESCO-suz və ya Ümumdünya Səhiyyə Təşkilatısız bir dünyanı təsəvvür etmək çətindir. Eyni yanaşma mənzil və inkişaf sahəsində çalışan beynəlxalq institutlara da aiddir", - deyə o vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü sonda beynəlxalq ictimaiyyəti Dünya Bankı kimi qurumların maliyyə imkanlarının gücləndirilməsinə dəstək verməyə çağırıb.
"Ölkələr Dünya Bankına daha çox vəsait ayırmalıdırlar. Çünki bu qurum mənzil təminatı da daxil olmaqla inkişaf məqsədlərinə nail olunmasında ən mühüm maliyyə institutlarından biridir", - deyə M.İvaniç qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
