Şəhərsalmada su ehtiyatları məsələlərinə xüsusi diqqət yetirilməlidir – Türkmənistan nümayəndəsi

Cəmiyyət Materials 21 May 2026 20:09 (UTC +04:00)
Şəhərsalmada su ehtiyatları məsələlərinə xüsusi diqqət yetirilməlidir – Türkmənistan nümayəndəsi
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan Prezidenti yanında Arkadağ Şəhərinin Tikintisi üzrə Dövlət Komitəsinin nümayəndəsi Dilfuza Şiriyeva Bakıda keçirilən Ümumdünya Şəhərlər Forumu (WUF13) çərçivəsində beynəlxalq platformadakı iştirak təcrübəsini bölüşüb və müasir şəhərsalmanın əsas prioritetlərindən danışıb.

Trend xəbər verir ki, Dilfuza Şiriyeva qeyd edib ki, forumda iştirak onun üçün ilk belə təcrübədir və tədbirin Bakıda təşkilatçılığını yüksək qiymətləndirib. O, ölkələrin geniş təmsilçiliyini, eləcə də qeyri-rəsmi və peşəkar atmosferdə açıq fikir mübadiləsi aparmaq imkanını xüsusi vurğulayıb.

"Burada çox sayda ölkə, o cümlədən bəlkə də adlarını o qədər də tez-tez eşitmədiyimiz ölkələr təmsil olunur. Bu, təcrübə mübadiləsi üçün vacib bir platformadır", - deyə o bildirib.

O, yaxın 10 il ərzində şəhər modernləşdirilməsinin prioritetləri barədə danışarkən ekoloji təmizlik və təhlükəsizliyi əsas istiqamətlər kimi fərqləndirib. Onun sözlərinə görə, su ehtiyatları və onlardan səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

O, Türkmənistanda tətbiq olunan təcrübələri, o cümlədən yaşıl sahələrin suvarılması üçün yağış sularının toplanması və təkrar istifadəsi sistemlərini nümunə gətirib.

"Arkadağ şəhəri layihəsindən danışarkən vurğulamaq istərdim ki, bu, Türkmənistanda sıfırdan salınmış ilk "ağıllı şəhərdir". Bu da təmizləyici qurğulardan tutmuş elektrobuslar və ekotaksilər də daxil olmaqla ekoloji nəqliyyata qədər müasir ekoloji və infrastruktur həllərinin tətbiqinə imkan yaradıb", - deyə Dilfuza Şiriyeva qeyd edib.

O, ölkələr arasında peşəkar böyümə və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq, bu cür beynəlxalq forumlarda fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində mayın 17-dən 22-dək Bakıda keçirilir. WUF13-də 41-i milli olmaqla 121 pavilyon təmsil olunur, həmçinin 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. Forum "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhərlərin dözümlülüyü, iqlim dəyişikliyinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi vacib məsələləri əhatə edir.

Xəbər lenti

Xəbər lenti