WUF13-də humanitar minatəmizləmənin şəhərlərin yenidənqurulmasındakı rolu müzakirə olunub

Cəmiyyət Materials 22 May 2026 10:45 (UTC +04:00)
WUF13-də humanitar minatəmizləmənin şəhərlərin yenidənqurulmasındakı rolu müzakirə olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Postmünaqişə dövründə şəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda yan tədbir keçirilib.

Trend xəbər verir ki, Azərbaycan pavilyonunda təşkil olunan tədbir ölkəmizin üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsirini vurğulamaq, eləcə də minatəmizləmə sahəsində qlobal əməkdaşlıq və bərpa təcrübələrini müzakirə etmək məqsədilə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa və yenidənqurmanın əsas təməlidir. Bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır. “Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

O vurğulayıb ki, mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır. Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluq etdiyi panel müzakirələrdə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov iştirak edib.

Şəhərlərin yenidənqurulmasının əsasını təşkil edən minatəmizləmə fəaliyyəti və Azərbaycan təcrübəsi, münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurmanı dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq, minalardan təmizlənmiş ərazilərdə şəhərsalma və yenidənqurma mözvularında panel müzakirələr keçirilib.

Yan tədbir münaqişədən sonrakı dövrdə təhlükəsiz və inklüziv şəhərlərin yenidən qurulmasında humanitar minatəmizləmənin strateji əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı məsələlərinə dair müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

WUF13-ün ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığı mövzularına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Həmçinin WUF13 çərçivəsində Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm platforma kimi təqdim olunan Mexiko şəhərinin pavilyonunun açılışı olub.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzularda müzakirələr aparılıb.

Üçüncü günün ən diqqətçəkən hadisələrindən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumu imzalanması olub.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə olaraq “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıq və qərarqəbuletmə” (WUF13 NGO Forum) keçirilib.

Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dəyişikliklərinə davamlılıq, şəhər idarəçiliyində süni intellektin tətbiqi, “yaşıl” urbanizasiya və sosial bərabərlik məsələlərinin müzakirəsi davam etdirilib.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan WUF13 forumu dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forumda iştirak üçün dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti