Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində 28 May - Müstəqillik Gününə həsr olunan “Bir arzum vardı” (I Had A Dream) adlı konsert keçirilib.
Trend xəbər verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Berlin Senatının Mədəniyyət və Sosial Həmrəylik Departamentinin dəstəyi ilə baş tutub.
Konsertin proqramına görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Şur” simfonik muğamı, Renessans dövrü ingilis bəstəkarı Con Doulendin “Yeddi göz yaşı” kompozisiyası və dahi şairimiz Məhəmməd Füzulinin poeziyasından seçilmiş nümunələr daxil edilib.
Konsertin əsas ideyası Məhəmməd Füzuli və Con Daulend
yaradıcılığında sevginin həm həyatın mənası, həm də iztirab kimi
təqdim edilməsinə əsaslanıb. Məhəmməd Füzulinin “Leyli və Məcnun”
əsərindəki fəlsəfi yanaşma ilə Con Daulendin şəxsi böhran və
duyğularının inikası olan musiqisi arasında paralellik böyük
peşəkarlıqla nümayiş etdirilib.
Almaniyada məskunlaşan azərbaycanlı musiqiçi, “Bir arzum vardı”
layihəsinin təşkilatçısı Tural İsmayılovun rəhbərlik etdiyi “Anima
Şirvani” və “Oltremontano Antverpen” ansambllarının Qərb ilə Şərq
musiqi ənənələrinin sintezindən ibarət konsert izləyicilərə
unudulmaz anlar yaşadıb.
