Bakı. Trend:
“Böyük Qayıdış Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin və şəhərlərin yenidən canlandırılması fəaliyyətlərində Strateji Ekoloji Qiymətləndirmənin şəhər planlaşdırılmasınatətbiqi ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınmasında vacib rol oynayıb.
Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” adlı tədbirdə deyib.
Nazir vurğulayıb ki, bu gün dünyada, o cümlədən Şərqi Avropa və Cənubi Qafqaz regionunda Strateji Ekoloji Qiymətləndirmənin tətbiqinə maraq artmaqdadır. Azərbaycanda bu istiqamətdə, xüsusilə şəhərsalma sahəsində geniş təcrübə formalaşıb.
R.İsmayılov bildirib ki, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası bu alətin qlobal təşviqində mühüm rol oynayır və bu istiqamətdə ölkəmizlə birgə uğurlu fəaliyyəti mövcuddur.
“Azərbaycan beynəlxalq və regional səviyyədə ətraf mühit üzrə əməkdaşlığa ciddi töhfələr verib. Ölkəmiz ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub”.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) sonuncu günü keçirilir.
Forumun yekun gününün proqramı yerli xalqların və qadınların şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla başlayacaq.
Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi mərasimi təşkil ediləcək.
Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.
WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq, süni intellektin şəhər idarəçiliyində tətbiqi, "yaşıl" urbanizasiya və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.
Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinə qoşulduğu elan olunub.
Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, "Mexico City" pavilyonunun açılışı baş tutub.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-də yekunlaşır. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edib.
