WUF13 çərçivəsində ekoloji və dayanıqlı mənzilin enerji təchizatının təmin olunması mövzusunda müzakirə keçirilib

İqtisadiyyat Materials 22 May 2026 11:09 (UTC +04:00)
WUF13 çərçivəsində ekoloji və dayanıqlı mənzilin enerji təchizatının təmin olunması mövzusunda müzakirə keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Bərpa olunan landşaft: təbiətyönümlü sistemlər vasitəsilə ekoloji və dayanıqlı mənzilin enerji təchizatının təmin edilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, sessiya zamanı iştirakçılar gələcəyin dayanıqlı və iqlim dəyişikliklərinə uyğunlaşdırılmış mənzil mühitinin formalaşdırılmasında təbiətyönümlü sistemlərin rolunu müzakirə ediblər.

Panel müzakirəsində “yaşıl” infrastrukturun şəhərsalma planlaşdırılmasına tətbiqi, yaşayış məhəllələrinin iqlim dəyişikliklərinə qarşı dayanıqlığının artırılması, ekoloji təhlükəsiz memarlığın inkişafı, eləcə də təbii ekosistemlərin müasir urbanizasiya modellərinə inteqrasiyası məsələlərinə baxılıb.

Tədbirdə beynəlxalq təşkilatların, memarlıq cəmiyyətlərinin, ekoloji təşəbbüslərin, tədqiqat mərkəzlərinin və şəhər idarəetmə orqanlarının nümayəndələri çıxış ediblər.

Müzakirələrin yekununda dayanıqlı şəhər məkanlarının inkişafı, mənzillərin ekoloji dayanıqlığının artırılması və urbanizasiya sahəsində təbiətyönümlü həllərin təşviqinə yönəlmiş təklif və tövsiyələrin irəli sürülüb.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) sonuncu günü keçirilir.

Forumun yekun gününün proqramı yerli xalqların və qadınların şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla başlayacaq.

Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi mərasimi təşkil ediləcək.

Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq, süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinə qoşulduğu elan olunub.

Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, Mexico City pavilyonunun açılışı baş tutub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-də yekunlaşır. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti