“Bakı Fəaliyyətə Çağırış” sənədi WUF13-ün ən mühüm hadisəsidir - Rossbax

İqtisadiyyat Materials 22 May 2026 13:47 (UTC +04:00)
“Bakı Fəaliyyətə Çağırış” sənədi WUF13-ün ən mühüm hadisəsidir - Rossbax
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən müzakirələr aydın mesaj verdi: mənzil məsələsi torpaq, infrastruktur, iqlim fəaliyyəti, maliyyələşmə və idarəetmə ilə əlaqələndirilmiş inteqrə olunmuş şəhər siyasətinin mərkəzində dayanmalıdır.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, WUF13-ün kollektiv səsini əks etdirən “Bakı Fəaliyyətə Çağırış” sənədinin hazırlanması bu forumun ən mühüm hadisəsidir:

"Bu həftə ərzində ön plana çıxan əsas prioritetlər bunlardır:

  • Mənzil böhranının miqyasının qəbul edilməsi və milyardlarla insanın hələ də adekvat mənzildən məhrum olduğunu nəzərə alaraq mərhələli yanaşmalardan daha geniş və sistemli həllərə keçilməsi;
  • Mənzil sistemlərinin və maliyyələşmənin yenidən balanslaşdırılması;
  • Qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılması, iqlimə davamlı mənzillər və icma əsaslı yanaşmalar kimi uğurlu təcrübələrin əsas siyasət və investisiya istiqamətlərinə inteqrasiyası;
  • Yerli fəaliyyətin və tərəfdaşlıqların gücləndirilməsi, şəhərlərin, icmaların və yerli hakimiyyətlərin milli və beynəlxalq tərəfdaşlarla birlikdə həllərin geniş miqyasda tətbiqində mərkəzi rolunun möhkəmləndirilməsi;
  • İqlimə davamlı və inklüziv şəhər transformasiyasının təşviqi, mənzil sistemlərinin həm iqlim dəyişmələrinin qarşısının alınmasına, həm də uyğunlaşma tədbirlərinə xidmət etməsi, eyni zamanda ən həssas qrupların qorunması və sosial kənarlaşdırmanın qarşısının alınması.

“Bakı Fəaliyyətə Çağırış” sənədi bu prioritetlərin qlobal proseslər və platformalar çərçivəsində irəlilədilməsi üçün əsas istinad nöqtəsi olacaq. Biz bu nəticələri BMT-Habitatın hökumətlərarası fəaliyyətinə, o cümlədən adekvat mənzil, şəhər dayanıqlılığı və dayanıqlı inkişaf çərçivələri ilə bağlı davam edən müzakirələrə daxil edəcəyik.

Bu nəticələr həmçinin qlobal iqlim və inkişaf proseslərində iştirakımıza istiqamət verəcək və mənzil ilə şəhərlərin Dayanıqlı İnkişaf Məqsədlərinin, Paris Sazişinin və Yeni Şəhər Gündəliyinin icrasında mərkəzi rolunu qoruyub saxlamasını təmin edəcək", - o bildirib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) sonuncu günü keçirilir.

Forumun yekun gününün proqramı yerli xalqların və qadınların şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla başlayacaq.

Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi mərasimi təşkil ediləcək.

Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq, süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinə qoşulduğu elan olunub.

Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, Mexico City pavilyonunun açılışı baş tutub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-də yekunlaşır. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti