Bakı. Trend:
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 22-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib.
Trend xəbər verir ki, bayraqların endirilməsi mərasimi sessiyanın rəsmi bağlanışını simvolizə edir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub.
Forum çərçivəsində 579 sessiya keçirilib,” Urban Expo” sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin nümayəndələrini bir araya gətirib.
Forumun əsas yekunlarından biri “Bakı Fəaliyyətə Çağırışı” sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub. Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli idarəetmənin, investisiyaların və icmaların iştirakının gücləndirilməsinə çağırış edilir.
