Bakı. Trend:
Dünya getdikcə çoxtərəflilik prinsiplərindən uzaqlaşır, BMT qlobal legitimliyə malik və bütün ölkələrin bərabər iştirakını təmin edən yeganə struktur olaraq qalır.
Trend xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin XIV Qlobal Bakı Forumunun Bəyannaməsinin və GPA Jurnalının 12-ci sayının təqdimatına həsr olunmuş tədbirdə bildirib.
O bildirib ki, bu gün beynəlxalq ictimaiyyətin açıqlığa və dialoqa həmişəkindən daha çox ehtiyacı var.
"Böyük dövlətlər arasında bağlanan sövdələşmələr səbəbindən BMT-nin əhəmiyyətsiz hala gəldiyini deyənlər var. Lakin mahiyyət etibarilə BMT-ni əvəz etmək mümkün deyil. Bu, dünyanın bütün ölkələrinin (böyük və kiçik) bərabər şəkildə görüşə biləcəyi yeganə qurumdur", Serageldin qeyd edib.
O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin çoxtərəflilik, həmrəylik və açıq dialoq prinsiplərinə sadiqliyini vurğulayıb və 14 sentyabrda keçiriləcək Qlobal Dialoq Forumunda dünya liderlərinin iştirakına ümid etdiyini bildirib.
İ.Serageldin həmçinin BMT-nin ilk qadın rəhbəri seçmək vaxtının yetişdiyini bildirib.
"Səksən il uzun müddətdir. Dünyada gender balansına ehtiyacımız var", - deyə o bildirib.
Mövcud qlobal dəyişikliklərdən danışan İ.Serageldin dünyanın təkcə yeni bir nizama keçid deyil, həm də "əsl qırılma" yaşadığını qeyd edərək, digər məsələlərlə yanaşı, ABŞ-ın beynəlxalq təşkilatlarda iştirakının azaldığına da diqqət çəkib. Onun sözlərinə görə, bu şəraitdə beynəlxalq həmrəyliyin bərpası xüsusilə vacibdir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub.
Forum çərçivəsində 579 sessiya keçirilib,” Urban Expo” sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin nümayəndələrini bir araya gətirib.
Forumun əsas yekunlarından biri “Bakı Fəaliyyətə Çağırışı” sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub. Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli idarəetmənin, investisiyaların və icmaların iştirakının gücləndirilməsinə çağırış edilir.
