Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib (FOTO)

Cəmiyyət Materials 23 May 2026 17:08 (UTC +04:00)
Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib
 (FOTO)

Bakı. Trend:

İrlandiyanın paytaxtı Dublində diaspor tarixində ilk dəfə Azərbaycan icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 28 May- Müstəqillik Günü ərəfəsində Dublin və ətraf şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən görüşdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Fuad Muradov deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin uğurlu nəticəsidir ki, bu gün xaricdəki icmalarımız daha sıx birləşir. Diaspor təşkilatlarının əlaqələrinin güclənməsi, vahid mövqedən çıxış etməsi və dövlətimizin milli maraqlarını layiqincə müdafiə etməsi Azərbaycan diasporunun artan nüfuzunun bariz göstəricisidir”.

Sədr, həmçinin dünya azərbaycanlılarının vahidliyini təmin edən Koordinasiya şuralarının, Azərbaycan evlərinin, habelə həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinə, komitənin kommunikasiya siyasətinə toxunub, İrlandiyada yaşayan azərbaycanlıların diaspor işindəki aktivliyini yüksək qiymətləndirib.

İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormak, Azərbaycanın İrlandiyadakı ilk fəxri konsulu Terri Leyden, Türkiyənin İrlandiyadakı səfirliyinin ikinci katibi Pınar Çetin ölkələrimiz arasında əlaqələrin inkişafını və Azərbaycan diasporunun təcrübəsini müsbət qiymətləndirib, interaktiv, məhsuldar şəraitdə keçən görüşdən xoş təəssürat qazandıqlarını dilə gətiriblər.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin birinci katibi Eltay Aslanov soydaşlarımızla görüşü yüksək qiymətləndirib, İrlandiyada icmalaşma prosesinin sürətləndiyini bildirib.

İrlandiyada fəaliyyət göstərən “Anna və Əşrəf” musiqi məktəbinin təsisçisi Əşrəf Tağıyev İrlandiyadakı soydaşlarımızın gördüyü işlərdən danışıb, Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin yerli cəmiyyətə tanıdılmasında bu ölkədəki icmanın mühüm rol oynadığını bildirib.

Tədbirdə dövlətimizin başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş etdirilib.

Soydaşlarımız İrlandiyadakı icmaya göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını ifadə ediblər.

İcma görüşündə diaspor fəaliyyətindəki təcrübələr və ortaq hədəflər ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, iştirakçılar perspektivə dair təklif və suallarını səsləndiriblər.

Daha sonra İrlandiya Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib.

Görüş 28 May – Müstəqillik Gününə həsr edilən bədii hissə ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti