WUF13 Bakının böyükmiqyaslı beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etmək bacarığını bütün dünyaya nümayiş etdirdi - Azər Qarayev

Siyasət Materials 23 May 2026 15:12 (UTC +04:00)
WUF13 Bakının böyükmiqyaslı beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etmək bacarığını bütün dünyaya nümayiş etdirdi - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 22-də Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) xətti ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başa çatdı. Altı gün davam edən forum dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, nazirləri, merləri, urbanistləri, memarları, beynəlxalq təşkilatları, biznes və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirdi. Lakin WUF13 yalnız növbəti beynəlxalq tədbir kimi yadda qalmadı. Bu forum Bakının və bütövlükdə Azərbaycanın qlobal urbanizasiya gündəliyində artan rolunun, böyükmiqyaslı beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etmək bacarığının və şəhərsalma sahəsində təqdim etdiyi praktiki modelin nümayişinə çevrildi.

Bunu Trend-ə politoloq Azər Qarayev bildirib.

"Rəqəmlər özlüyündə forumun miqyasını göstərir: yekun məlumatlara görə, WUF13-də 182 ölkədən txəminən 60 min iştirakçı təmsil olundu. Bu, forum tarixində ən böyük iştirak göstəricilərindən biridir. Onlarla dövlət və hökumət başçısı, yüzlərlə nümayəndə heyəti, minlərlə ekspert və qərarverici eyni vaxtda bir şəhərdə toplandı. Gündə onlarla paralel sessiya, yüksək səviyyəli görüşlər, sərgilər, dialoqlar və müzakirələr keçirildi. Bütün bunların eyni anda problemsiz işləməsi isə təsadüfi deyildi.

Azərbaycan WUF13-ə çox gözəl hazırlanmışdı. Forumun başlamasından əvvəl Prezident İlham Əliyevin Bakı Olimpiya Stadionunda görülən işlərlə şəxsən tanış olması bu tədbirə verilən əhəmiyyətin göstəricisi idi. 53 hektarlıq əməliyyat zonası, minlərlə iştirakçının eyni vaxtda qəbuluna hesablanmış logistika sistemi, 121 pavilyondan ibarət “Urban Expo” zonası, fasiləsiz rəqəmsal infrastruktur, çoxsəviyyəli təhlükəsizlik və nəqliyyat mexanizmləri bir daha göstərdi ki, Azərbaycan artıq qlobal tədbirlərin keçirilməsində yalnız iştirakçı deyil, standart müəyyən edən ölkələrdən birinə çevrilib", - o bildirib.

A.Qarayev qeyd edib ki, bu, təsadüfi nəticə deyil. Son onilliklər ərzində Bakı böyük beynəlxalq tədbirlərin keçirilməsi üzrə ciddi institusional təcrübə toplayıb. İlk Avropa Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının sammitləri, Qlobal Bakı Forumu və nəhayət, 2024-cü ildə keçirilmiş COP29 Azərbaycanın təşkilati imkanlarını artıq sübut etmişdi. WUF13 isə bu təcrübənin növbəti təsdiqi oldu.

"COP29-un Bakıda uğurla keçirilməsi bir çox müşahidəçi tərəfindən Azərbaycanın "böyük tədbirlər diplomatiyası"nın yeni mərhələsi kimi qiymətləndirilmişdi. WUF13 göstərdi ki, bu, təkcə diplomatik status məsələsi deyil, idarəetmə, koordinasiya və dövlət institutlarının sinxron fəaliyyətinə əsaslanan dayanıqlı modeldir. Dünyanın müxtəlif yerlərində keçirilən iri beynəlxalq forumlarda logistika, təhlükəsizlik, akkreditasiya və şəhər yükü problemləri tez-tez tənqid hədəfinə çevrildiyi halda, Bakı bir daha göstərdi ki, bu miqyaslı tədbirləri effektiv şəkildə idarə etmək mümkündür.

Lakin WUF13-ün əhəmiyyəti yalnız təşkilati uğurla məhdudlaşmırdı. Forumun əsas önəmi Bakının şəhərlərin gələcəyi ilə bağlı qlobal debatın mərkəzinə çevrilməsində idi. "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum dünyanın üzləşdiyi ən ciddi problemlərdən birini - mənzil böhranını müzakirə etdi. Bu gün dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır və urbanizasiya sürətləndikcə bu problem daha da dərinləşir. Bu mənada WUF13 yalnız fikir mübadiləsi platforması deyil, praktiki həllərin müzakirə olunduğu məkan idi", - politoloq bildirib.

Onun sözlərinə görə, forumun yekununda qəbul edilən "Bakı Fəaliyyətə Çağırışı" sənədi də məhz bunu göstərdi. Sənəd bəyanatlardan praktik fəaliyyətə keçidi, dövlətlərarası əməkdaşlığın gücləndirilməsini, iqlim maliyyələşməsinin genişləndirilməsini və mənzil siyasətinin nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişafla inteqrasiyasını prioritet kimi müəyyənləşdirdi. Başqa sözlə, Bakı yalnız müzakirələrə ev sahibliyi etmədi - konkret istiqamətlər formalaşdırılan platformaya çevrildi.

"Bu forumun fərqləndirici cəhətlərindən biri də Azərbaycanın gündəliyə öz real təcrübəsini gətirməsi idi. Prezident İlham Əliyevin açılış mərasimində dediyi kimi, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur: "Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır". Dövlət başçısı çıxışında xüsusi olaraq vurğuladı ki, şəhərsalmada əsas məsələ cəsarət və ehtiyatlılıq arasında düzgün balans tapmaqdır: "Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur, sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni yeddi metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından bir metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar". Bu transformasiya ən çox Bakının özündə görünür. Bir zamanlar ciddi ekoloji problemlərlə üzləşən sənaye zonalarının müasir yaşayış və ictimai məkanlara çevrilməsi, “Qara şəhər”in “Ağ şəhər” layihəsinə transformasiyası, yeni parkların, ictimai məkanların, bulvarın genişləndirilməsi, mikromobillik və elektrik nəqliyyatına keçid Bakının urban inkişaf modelini formalaşdırıb. Son iyirmi ildə paytaxtda yüzlərlə ictimai məkanın yaradılması və nəqliyyat infrastrukturunun modernləşdirilməsi forum iştirakçılarına təqdim olunan canlı təcrübə idi", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın WUF13 çərçivəsində təqdim etdiyi ən mühüm urbanizasiya modeli, şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesidir. Bu, sadəcə tikinti layihəsi deyil, post-münaqişə şəhərsalmasının yeni modeli kimi təqdim olunur.

"Prezident İlham Əliyev forumdakı çıxışında Ağdamın bir zamanlar Xirosima ilə müqayisə edildiyini xatırladaraq vurğuladı ki, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır: "Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub". Ən diqqətçəkən məqam isə odur ki, burada yalnız bərpa yox, gələcəyin şəhərləri qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonaları, rəqəmsal idarəetmə və iqlim dayanıqlılığı prinsipləri Qarabağ modelini beynəlxalq səviyyədə xüsusi maraq obyektinə çevirib. Təsadüfi deyil ki, WUF13 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri” (4SRP) təşəbbüsü post-münaqişə bərpası üçün beynəlxalq yanaşma nümunəsi kimi diqqət çəkdi. WUF13 zamanı beynəlxalq vətəndaş cəmiyyətinin qəbul etdiyi “Bakı Bəyannaməsi” də bu baxımdan simvolik əhəmiyyət daşıyır. 103 ölkədən 569 QHT nümayəndəsinin imzaladığı sənəddə Azərbaycanın post-münaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsinin beynəlxalq metodoloji nümunə kimi qəbul olunması təklif edildi. Hətta gələcək forumların təşkilində “Bakı Standartı” anlayışına istinad olunması çağırışı edildi. Bu isə Azərbaycanın yalnız iştirakçı və ya ev sahibi deyil, müəyyən mənada model təqdim edən ölkəyə çevrildiyini göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, WUF13 bir başqa mühüm məqamı da təsdiqlədi: Bakı artıq sadəcə regional mərkəz deyil. Şəhər getdikcə qlobal ideyaların, siyasətlərin və tərəfdaşlıqların kəsişmə nöqtəsinə çevrilir. Əgər COP29 iqlim gündəliyində Azərbaycanın rolunu gücləndirmişdisə, WUF13 şəhərsalma və dayanıqlı urban inkişaf sahəsində bu mövqeni daha da möhkəmləndirdi.

"Forum mayın 22-də başa çatsa da, onun nəticələri Bakıda qalmayacaq. “Bakı Fəaliyyətə Çağırışı” sənədinin iyul ayında BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyi üzrə yüksəksəviyyəli müzakirələrə təsir göstərəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Bakıda aparılan müzakirələr qarşıdakı illərdə qlobal şəhər siyasətinin formalaşmasına real təsir edə bilər.

WUF13-ün yekunu bir məqamı xüsusilə aydın göstərdi: Azərbaycan artıq beynəlxalq tədbirləri sadəcə qəbul edən ölkə deyil. O, gündəm formalaşdırır, praktiki həllər təqdim edir və müxtəlif ölkələri ortaq platformada birləşdirmək qabiliyyətini nümayiş etdirir. Bakı isə bir daha sübut etdi ki, böyük beynəlxalq tədbirlərin necə keçirilməli olduğunu yaxşı bilir — həm təşkilati baxımdan, həm də məzmun və strateji baxış baxımından", - politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti