WUF13-ün uğurlarının təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanır – Şərh

Siyasət Materials 24 May 2026 16:37 (UTC +04:00)
WUF13-ün uğurlarının təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanır – Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun Bakı sessiyası nəhəng miqyası və qlobal gündəliyə gətirdiyi köklü dəyişikliklərlə tarixdə özünə layiq yerini tutdu. Forumun yekun sənədi olan “Baku Call to Action” müasir dünyanın ən həssas problemlərinə toxunaraq gələcəyin dayanıqlı şəhərlərini qorumaq missiyasını daşıyan real bir fəaliyyət planıdır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri vurğulayıb ki, yekun sənəddə əksini tapan məqamlar Bakı forumunun qlobal arenada doğurduğu güclü əks-sədanı aydın göstərir:

“İlk növbədə, 176 ölkədən 58 mindən çox iştirakçının qatılması ilə bu tədbir tarixin ən böyük şəhərsalma forumu oldu. Azərbaycan dövlətinin və xalqının nümayiş etdirdiyi səmimi qonaqpərvərlik, bu innovativ platformanın yüksək səviyyədə təşkili beynəlxalq birlik tərəfindən böyük minnətdarlıqla qeyd olundu. Tarixdə ilk dəfə məhz ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyasında 27 dövlət və hökumət başçısının iştirakı şəhərsalma mövzusunun artıq ali siyasi iradə səviyyəsinə qaldırılmasının real göstəricisidir”.

Millət vəkili bildirib ki, sənədin ən vacib humanitar tərəfi münaqişələrin, müharibələrin və urbisid reallığının şəhərlər üzərindəki dağıdıcı təsirini açıq şəkildə pisləməsidir:

“Müharibələrin məktəbləri, xəstəxanaları, yaşayış evlərini, mülki infrastrukturu məhv etməsi, insanları qaçqın və məcburi köçkün vəziyyətinə salması, ətraf mühitə vurduğu ağır zərbələr sənəddə kəskin vurğulanır. Məhz bu məqamda Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki unikal təcrübəsi mühüm beynəlxalq nümunə olaraq qəbul edilir. Sənəd dünyanı yenidənqurma və bərpa işlərini ön plana çəkməyə, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etmək üçün əlaqələndirilmiş vahid bir yanaşma tətbiq etməyə çağırır. WUF13 çərçivəsində təqdim edilən Bakı Şəhər Mükafatı isə şəhərsalma innovasiyalarını stimullaşdıran parlaq bir gələcək vizyonu təqdim edir”.

Deputat əlavə edib ki, bu uğurların təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət dayanır.

“Azərbaycanın post-münaqişə dövründə ortaya qoyduğu sürətli yenidənqurma modeli, milli gücün və strateji zəkanın vəhdəti olmaqla yanaşı, həm də dövlət başçısının qlobal miqyasda irəli sürdüyü humanitar prinsiplərin əməli sübutudur. Dünyanın müharibələrdən yorulduğu və sülhə, sabitliyə hər zamankından daha çox ehtiyac duyduğu bu həssas dönəmdə Bakı platforması bir daha göstərdi ki, gələcəyi dağıntılar üzərində deyil, yalnız sülh şəraitində qurub-yaratmaq mümkündür”, - deyə S.Qurbanov fikirlərini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti