Son illərdə Azərbaycanda genişmiqyaslı meşəbərpa tədbirləri həyata keçirilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə də yeni meşəsalma layihələri icra olunur.
Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, 2020–2026-cı illər ərzində ümumilikdə 40 min
hektar ərazidə meşəbərpa tədbirləri həyata keçirilib:
"Aydın məsələdir ki, gündəmdə olan ən başlıca məsələlərdən biri
işğaldan azad olunmuş ərazilərdə meşə massivlərinin bərpasıdır. Bu
çərçivədə Laçın rayonunda 110 hektar meşə ərazisinin bərpası
nəzərdə tutulur və layihənin icrasına cari ilin sonuna doğru start
veriləcəyi gözlənilir.
Ümumiyyətlə, meşə təsərrüfatı sahəsində tinglərin yetişdirilməsi qarşıda duran ən əsas vəzifələrdən biridir. Meşələrin bərpası həm gənc tinglərin yetişdirilib əkilməsi, həm də birbaşa toxum səpini vasitəsilə həyata keçirilir. Tinglərin əkilməsi üsulu ilə bərpa olunan meşə sahələrində bitiş səviyyəsi daha yüksək olur," – deyə nazir bildirib.
