Bakı. Trend:
Ölkədə ağacların rəqəmsal uçotu həyata keçirilir. Hazırda 87 mindən çox ağac elektron sistemə daxil edilib və QR-kod vasitəsilə onların vəziyyəti barədə məlumat əldə etmək mümkündür.
Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, 2025-ci ildən şəhərlərdə ağacların rəqəmsal uçotu üzərində işlərə başlanılıb. Əsasən Bakı şəhərinin mərkəzində ağaclar kodlaşdırılır və üzərinə xüsusi lövhəciklər quraşdırılır. QR-kod vasitəsilə vətəndaşlar telefonla həmin ağac barədə tam məlumat əldə edə, hətta mövqeyini və ya təklifini bildirə bilirlər.
"Buna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti
bölmələri tərəfindən baxılır, müraciətlər cavablandırılır və lazım
olduqda müvafiq tədbirlər görülür. Belə təcrübələr bir çox
ölkələrdə mövcuddur, lakin biz bu prosesi daha da təkmilləşdirdik.
Ümumi xəritə üzərində agac.az elektron səhifəsi vasitəsilə
qeydiyyat təşkil edilib. Bu sistemlə QR-kodu oxudaraq və ya ağacın
üzərindəki kodu sayta daxil etməklə ağacın lokasiyasını və
yerləşməsini görmək mümkündür.
Pilot layihə Səbail rayonunda başlayıb və artıq 87 000-dən çox ağac
qeydiyyata alınıb. Layihəyə maraq digər şəhərlərdən də oldu;
Sumqayıt, Gəncə və Mingəçevirdə də bu işlərə start verilib," - deyə
nazir bildirib.
