Azərbaycan Orta Dəhlizin inkişafında mümhüm rol oynayır - UNCTAD baş katibi (ÖZƏL)

İqtisadiyyat Materials 25 May 2026 10:58 (UTC +04:00)
Azərbaycan Orta Dəhlizin inkişafında mümhüm rol oynayır - UNCTAD baş katibi (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Orta Dəhliz və digər regional layihələr çərçivəsində logistika, infrastruktur və nəqliyyat bağlantılarının inkişafında mühüm rol oynayır.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan Trend-ə verdiyi müsahibədə bildirib.

R.Qrinspanın sözlərinə görə, Azərbaycan Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayaraq qlobal platformanın yeni önəmli iştirakçılarından birinə çevrilir.

“Azərbaycan mühüm səsə malik, vacib körpü rolunu oynayan və konsensusa nail olmağa can atan ölkədir”, – deyə o qeyd edib.

UNCTAD-ın baş katibi, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, onun beynəlxalq dialoqun möhkəmləndirilməsindəki rolunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan logistika, infrastruktur və regional bağlantıların inkişafında təkcə Orta Dəhliz çərçivəsində deyil, digər layihələrdə də böyük rol oynayır.

O, həmçinin Azərbaycanın “yaşıl enerji" sahəsində yüksək potensiala malik olduğunu qeyd edib. Bildirib ki, sülh prosesi çərçivəsində bərpası və məskunlaşdırılması planlaşdırılan ərazilərin bərpa olunan enerji ilə təmin olunmasına dair planlar onda xüsusi təəssürat yaradıb.

“Əgər Azərbaycan bərpa olunan enerji sahəsinə investisiya qoya bilsə, ölkə dayanıqlı enerji sahəsində çox mühüm oyunçuya çevrilə bilər”, – deyə UNCTAD-ın Baş katibi bildirib.

R.Qrinspan hazırda Azərbaycanın 16 ölkəyə qaz ixrac etdiyini xatırladıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti